AzTV-nin Teleradio Akademiyası MEDİA ilə yeni layihəyə başlayır.....

AzTV-nin Teleradio Akademiyası Medianın İnkişafı Agentliyi ilə (MEDİA) birlikdə təlimlərə başlayır. Layihə media işçiləri üçün yeni nəzəri və təcrübi biliklərin əldə olunmasına şərait yaradacaq.

<AzTV-nin Teleradio Akademiyası MEDİA ilə yeni layihəyə başlayır.....

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumatına görə, yeni layihə Teleradio Akademiyası, Medianın İnkişafı Agentliyi və Türkiyənin Nişantaşı Universitetinin birgə təşkilatçılığı ilə reallaşacaq.

“Qabaqcıl televiziya proqramlaşdırması” adlı layihədə Nişantaşı Universitetinin müəllimləri - Hüseyn Çelik, Burcu Kurtiş, Ahmet Sinav və digər təcrübəli mütəxəssislər “Qloballaşma və televiziya”, “Xəbər yazma texnikası”, “Kinematoqrafiya”, “Canlı yayım komandasının birgə fəaliyyəti”, “Televiziya jurnalistikası”, “Ənənəvi televiziya proqramları”, “Ssenarinin yazılması”, “Hazırlıq və çəkiliş proseslərində istifadə olunan avandanlıqlar”,

“Çəkiliş prosesi”, “Dublyaj və musiqi”, “Tətbiqdən sonrakı yayım prosesləri”, “Seriallar bazarı və digərləri” mövzular üzrə onlayn dərslər keçəcəklər.

Eyni zamanda, texniki vasitələrdən səmərəli istifadə ilə bağlı nəzəri və təcrübi məlumatların verilməsi də planlaşdırılır.

Onlayn dərslər sentyabrın 23-dən başlayacaq, və noyabrın 4-də yekunlaşacaq.

TİKA-nın dəstəyi ilə reallaşacaq layihədə məqsəd jurnalistlərin bacarıqlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi, həmçinin jurnalistikada yaranan yeni trendlərin öyrənilməsidir.

Qeyd edək ki, layihədə respublika üzrə 70 nəfərə yaxın elektron media və TV əməkdaşının iştirakı planlaşdırılır. Treninqlərdə ən fəal iştirak edən 30 jurnalist isə 5 günlük Türkiyəyə təcrübəyə göndəriləcək. Türkiyədən olan mütəxəssislər səfərdən öncə media təmsilçiləri ilə müsahibə aparacaq.

Layihədə iştirak etmək istəyən media təmsilçilərindən CV-lərini [email protected] elektron ünvanına 20.09.2021 tarixinə kimi göndərmələri xahiş olunur.

Elektron məktubu göndərən zaman mövzu yerinə “Qabaqcıl televiziya proqramlaşdırması” yazılmalıdır.

Əlavə məlumat almaq istəyənlər +994 50 227 21 68 , +994 12 537 02 23 telefon nömrələrinə zəng edə bilərlər.