Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır.....

Azərbaycanda yanvarın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7°, gündüz 8-11° isti, Bakıda gecə 5-7°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 758 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı bildirilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, axşama doğru bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, bəzi yerlərdə 5° şaxta, gündüz 2-6° isti olacağı ehtimalı var.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, axşama doğru bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, dağlarda 8-10° şaxta, gündüz 1-6° isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşama doğru qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 6-10° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşama doğru qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam havanın yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, axşama doğru bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 7-12° isti olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6°, gündüz 7-12° isti, dağlarda gecə 3-6°, gündüz 5-10° isti olacaq.