Azərbaycanın rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir.....

Azərbaycanda dekabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Azərbaycanın rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-11°, gündüz 15-20° isti, Bakıda gecə 9-11°, gündüz 18-20° isti olacağı ehtimal edilir.

Atmosfer təzyiqi 749 millimetr civə sütunundan 756 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 1-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 5-10°, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacağı bildirilir.