Azərbaycanın mədəniyyət naziri Gürcüstan Dövlət Muzeyində olub.....

Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyulun 7-də Tbilisinin mərkəzindəki Gürcüstan Dövlət Muzeyində olub.

<Azərbaycanın mədəniyyət naziri Gürcüstan Dövlət Muzeyində olub.....

AZƏRTAC xəbər verir ki, muzeyin baş direktoru David Lordkipanidze muzeyin tarixi, burada saxlanılan eksponatlar barədə Azərbaycanın mədəniyyət nazirinə ətraflı məlumat verib.

Bildirilib ki, ilk dəfə 1853-ci ildə "Qafqaz muzeyi" kimi fəaliyyət göstərən muzeydə çox sayda mədəni eksponat saxlanılır.

1905-cinilde tikintisinə başlanılan müasir muzey kompleksinin tikintisi xeyli müddət müxtəlif səbəblər üzündən saxlanılıb. 1926-cı ildə tikintisi başa çatan Gürcüstan Milli Muzeyinin nəzdində 14 muzey və kompleks fəaliyyət göstərir. Bu gün akademik Simon Canaşiya adını daşıyan Gürcüstan Dövlət Muzeyində Azərbaycan mədəniyyətini, incəsənətini, qədim tarixini əks etdirən eksponatlar da nümayiş etdirilir.

Nazir Anar Kərimov muzeylə tanış olub, Azərbaycan və Gürcüstan dövlət və milli muzeyləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib.

Bildirib ki, birgə əməkdaşlıq sayəsində qədim Qafqaz xalqlarının mədəniyyətini, incəsənətini dünyaya çatdırmaq olar.

Görüşlərdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi