Azərbaycanın ilk kimyaçı qadın alimi – İzzət Orucova.....

Həyatda çox nadir insanlar olur ki, iki fərqli sahədə çalışır, böyük nailiyyətlər qazanır və ən əsası həmin peşələrin ən yüksək zirvəsinə yüksələ bilir.

<Azərbaycanın ilk kimyaçı qadın alimi – İzzət Orucova.....

Belə insanlardan biri kimi Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, professor, eyni zamanda, Azərbaycanın ilk milli aktrisası İzzət Orucovanın adını xüsusi qeyd etmək olar. Onun adı həm Azərbaycan kino tarixinə ilk milli kinoaktrisa, həm də Azərbaycan elm tarixinə ilk azərbaycanlı qadın kimyaçı alim kimi daxil olub.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, İzzət Orucovanın tələbəsi olmuş texnika elmləri doktoru, professor Həqiqət Cavadovanın müəllimi haqqında qeydlərini təqdim edir.

İzzət Orucova 1909-cu ildə Bakıda bağban ailəsində doğulub. Orta məktəbi bitirəndən sonra 1926-cı ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun mühəndis-texnologiya fakültəsinə qəbul olub. XX əsrin 30-cu illərinin əvvəlində institutu bitirib və elmin mühüm sahələrindən birini – neft kimyasını seçir. 1932-ci ildən başlayaraq 1959-cu ilə kimi V.Kuybışev adına AzETİ-də, sonralar Azərbaycan SSR EA Neft Kimya Prosesləri İnstitutunda laborantlıqdan tutmuş baş elmi işçi, laboratoriya müdirinə qədər uzun bir yol qət edib.

İzzət Orucova neft kimyası sahəsində görkəmli alimlərdən, həmçinin keçmiş Sovet İttifaqında aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut – Aşqarlar Kimyası İnstitutunun ilk yaradıcılarından biri olub. Onun fəaliyyəti əsasən aşqarlar kimyasının inkişafına və daha mükəmməl sürtkü materiallarının yaradılmasına yönəlmişdi. O zaman görkəmli alim Əli Quliyevin rəhbərliyi altında yağ aşqarlarının-mühərriklərin ömrünü uzadan möcüzəli maddələrin qənaətli alınması istiqamətində ciddi tədqiqatlar aparılırdı. İzzət Orucova “Aviasiya yağlarının istehsalı üçün xammal axtarışı”, “Suraxanının seçilmiş və adi neftlərinin konsentrat qatışıqlarından aviasiya yağlarının alınması”, “Caparidze adına Zavodda distillyatlı aviasiya yağlarının istehsalının mənimsənilməsi”, “Balaxanının yağlı neftindən qalıq aviasiya yağlarının alınması” və digər mövzuları işləyib, 1947-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. 1949-cu ildə öz elmi nəticələrinin və digər alimlərlə əməkdaşlıq əsasında o, mühərrik və xüsusi təyinatlı yağların istehsalat texnologiyasını işləyib-hazırlayıb. Bakının neft emalı zavodlarından birində ilk dəfə olaraq müxtəlif mənşəli parafinli və parafinsiz neftlərin əsasında aşağı özlülüklü sürtkü yağlarının istehsalı qaydaya salınıb.

Bakı neftindən alınan yağların tədqiqi, emalı prosesi üçün verdiyi texnologiyalar, həmçinin müxtəlif mənşəli neftdən alınan yağlarda aşqarların tədqiqi, aşqarların fasiləsiz alınma texnologiyalarının işlənməsi və aşqar kompozisiyalarının yaradılması onun elmi fəaliyyətinin əsas istiqamətləri olub. İzzət Orucova ölkəmizdə yaradılan bir sıra ilk aşqarların və onların əsasında alınan motor yağlarının müəlliflərindəndir. O, həmkarları ilə birlikdə karbamid vasitəsilə neftin parafinsizləşdirilməsini, eyni zamanda, bir sıra neftlərin distillyatlarının parafinsizləşdirilməsini uğurla həyata keçirib. Elə o vaxtdan Bakının sürtkü yağları xarici analoqlarından heç də geri qalmır. İzzət Orucova 1962-ci ildə “Bakı xammalından aşağı temperaturlu yağların alınması texnologiyasının işlənib hazırlanması və aşqarların köməyi ilə onların keyfiyyətinin yaxşılaşdırılması” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək SSRİ-də neft texnologiyaları sahəsində ilk qadın elmlər doktoru olub. Ona əvvəlcə professor, iki il sonra isə Azərbaycan SSR-in Əməkdar elm və texnika xadimi adı verilib.

1965-ci ildə SSRİ-də profil üzrə yeganə elmi mərkəz olan Aşqarlar Kimyası İnstitutu yaradılır. İzzət Orucovanın iştirakı ilə bir çox yüksəkoktanlı, o cümlədən AzETİ-5, AzETİ-7, SB-3, SK-3 BFK və digər aşqarlar işlənib hazırlanır və istehsalatda tətbiq olunur. İzzət Orucova 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasına müxbir üzv seçilir.

Aşqarlar Kimyası İnstitutu ilə SSRİ-nin Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Tolyatti, Perm, Tambov şəhərlərindəki aparıcı elmi mərkəzləri arasında elmi-texniki əlaqələrin yaradılmasında onun böyük xidmətləri olub. İzzət Orucova və onun laboratoriyasının əməkdaşları “Azərneftyağ” neft emalı zavodunun buraxdığı bir qrup yağların tərkibini yaxşılaşdırmaq üçün sürtkü kompozisiyaları yaradıblar. Bu işə görə onlar 1970-ci ildə Azərbaycanın Dövlət Mükafatına layiq görülüblər. İzzət Orucovanın xüsusi texnikada istifadə olunan sintetik yağların oksidləşməyə qarşı davamlılığını artıran aşqar kompozisiyalarının yaradılması sahəsində apardığı tədqiqat işləri öz əksini müəllif şəhadətnamələrində tapıb. Yüksək davamlılığı ilə seçilən pentaeritrit efirlərinin əsasında işlənib hazırlanmış yağ kompozisiyalarının istismar xassələrinin yaxşılaşdırılması sahəsində gördüyü işə görə ona patentlər verilib.

İzzət xanım 1972-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilib. Uzun müddət laboratoriyalara rəhbərlik edib, 1967-1971-ci illərdə isə respublika Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun direktoru işləyib. Onun rəhbərliyi dövründə institutda korroziya inhibitorları sahəsində çox ciddi tədqiqat işləri aparılıb. Bu işlərin nəticələri rus dilində nəşr olunan “Metalların korroziya inhibitorları” monoqrafiyasında ümumiləşdirilib. O, 300-ə yaxın ixtira və çap olunmuş elmi əsərin, eyni zamanda, Azərbaycan dilində orijinal “Neft-kimya” və “Sürtkü yağları” dərsliklərinin müəllifi, 30-dan çox müəlliflik şəhadətnaməsinin sahibi olub. İzzət Orucova bu gün Azərbaycanda və onun sərhədlərindən kənarda məhsuldar işləyən kadrların hazırlanması işində yaxından iştirak edib.

İzzət Orucova insani keyfiyyətləri ilə də fərqlənirdi. O, əsl insan idi. Neft və Kimya İnstitutuna gələnlər adətən burada əvvəl laborant işləyirdilər. O, çox işgüzar idi. Deyirdi ki, hər gün 18 nümunənin 100 dərəcə S-də tərkibini müəyyən edirdim. İndiki laborantlar heç 4-5-ni edə bilmirlər. İzzət Orucovanın ayrıca kabineti ancaq direktor işləyəndə olub, Aşqarlar Kimyası İnstitutu yeni binaya köçəndə də 4 nəfər işçi onunla bir yerdə otururduq. Bizə bir cavan direktor müavini gəlmişdi. Zəng edirdi ki, İzzət xanım yanına getməlidir. Bu, bizə pis təsir edirdi. Ona dedim: “İzzət xanım, Siz onun ayağına gedirsiniz, bu nə deməkdir? Bir dəfə əlinizi stola vurun, ona göstərin ki, Siz İzzət Orucovasınız. Mənə dedi ki, Həqiqət, bu sadəliyimlə həyatda heç nə itirməmişəm”. O cümlə də mənim beynimə həkk olunub. İzzət xanım sinədəftər idi. Respublikanın az qala hər bir zavodunda gedən işləri əzbər bilirdi. O aşqarlar sahəsində uğurlu tədqiqatlar apararaq yüksək elmi nəticələr əldə edib. Hazırda da bəzi zavodlarda İzzət Orucovanın kəşf etdiyi üsullar tətbiq olunur.

Mən deyərdim ki, İzzət xanımın bu cür fədakar olmasında oynadığı Sevil obrazının da rolu olub. İzzət Orucova kinoda baş rola çəkilmiş ilk azərbaycanlı qadın idi. Onun iştirakı ilə C.Cabbarlının “Sevil” (1929) və “Almaz” (1936) əsərlərinə filmlər çəkilib. İzzət xanımın kinoya gəlişi, daha doğrusu, onun böyük dramaturq Cəfər Cabbarlı tərəfindən necə tapılıb kinofabrikə gətirilməsi barədə müxtəlif rəvayətlər mövcuddur. Lakin fikirlər müxtəlif olsa da, nəticə eynidir. Onu kino üçün Cəfər Cabbarlı kəşf edib.