Azərbaycanda Türk Ağsaqqalları Birliyi yaradılıb.....

Azərbaycanda yeni ictimai təşkilat - Türk Ağsaqqalları Birliyi (TAİB) yaradılıb.

<Azərbaycanda Türk Ağsaqqalları Birliyi yaradılıb.....

AZƏRTAC xəbər verir ki, yeni yaradılmış və artıq Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçmiş təşkilat Türk dünyası ilə bağlı layihələr həyata keçirəcək.

Birliyin təsisçisi və İdarə Heyətinin sədri, “Missiya” Media Qrupunun rəhbəri Ramin Əhmədov bildirib ki, çağdaş dövrümüzdə türk dünyasının birliyi tarixi zərurət kimi meydana çıxıb və türkdilli xalqlar arasında əməkdaşlığın genişlənməsinə, inteqrasiya prosesinin sürətlənməsinə indi daha çox ehtiyac var.

Ramin Əhmədov yeni birliyin yaradılmasının məhz sentyabrın 15-də elan edilməsinin təsadüfi olmadığını deyib. Qeyd edib ki, 103 il əvvəl sentyabrın 15-də Qafqaz İslam Ordusunun köməyi ilə Bakı erməni daşnak və bolşevik qüvvələrinin işğalından azad olunub. Ona görə də Türk Ağsaqqalları Birliyinin yaradılması məhz bu gün elan edildi.

Uzun illərdir türk dünyası ilə bağlı müxtəlif layihələr həyata keçirdiklərini və bu vaxta qədər layihələrin əsasən rəhbərlik etdiyi “Türk Dünyası Ağsaqqalları” qəzeti vasitəsilə reallaşdırıldığını deyən Ramin Əhmədov Vikipediya üzərindən gördükləri işlərdən danışıb. O deyib: “Vikipediyada türk dünyasının tanınmış simaları, türkdilli xalqların zəngin tarixi və mədəni irsinin təbliği istiqamətində də işlər aparırıq. “Türk dünyası Vikipediyada” adlı layihəyə könüllülər də cəlb olunub. Bu vaxta qədər Vikipediyada türk dünyası ilə bağlı 300-ə yaxın məqalə yaradılıb. Fəaliyyətimizi daha da genişləndirmək, türk dünyası ilə bağlı daha miqyaslı layihələr həyata keçirmək üçün yeni bir təşkilat yaratmaq qərarına gəldik. Düşündük ki, bu vaxta qədər topladığımız təcrübədən, türkdilli ölkələrlə əlaqələr qurmaq imkanlarımızdan istifadə edib, fəaliyyətimizi daha geniş müstəviyə çıxarmalıyıq. Bütün bu işlərin daha səmərəli təşkili üçün daha çox ağsaqqalların, geniş dünya görüşünə malik ziyalılarımızın, elm adamlarının, incəsənət xadimləri, şair və yazıçıların potensialından istifadə etməyi daha doğru hesab edirik. Çalışacağıq ki, yeni yaradılan Türk Ağsaqqalları Birliyi türk fikir adamlarının vahid əməkdaşlıq platforması kimi fəaliyyət göstərsin”.

Yeni yaradılan birliyin gələcək planları barədə fikirlərini bölüşən Ramin Əhmədov qeyd edib: “Planlarımız kifayət qədər çoxdur. Ümid edirik ki, qarşıdakı mərhələdə pandemiya ilə bağlı situasiya yumşalacaq və biz də nəzərdə tutduğumuz beynəlxalq səviyyəli tədbirlərimizi həyata keçirə biləcəyik. Məqsədimiz həm də odur ki, yeni yaratdığımız təşkilatın İdarə Heyətində təkcə öz ölkəmizin deyil, türkdilli dövlətlərin tanınmış ziyalıları, alimləri, tədqiqatçılar da təmsil olunsun. Artıq bu yöndə danışıqlarımız da başlayıb. Eyni zamanda, həm Türkiyədə, həm də digər ölkələrdə türk dünyasının birliyi yönündə fəaliyyət göstərən təşkilatlarla da əlaqələr yaradırıq. Bundan başqa, türkdilli ölkələrin kütləvi informasiya vasitələri ilə də yaxından əməkdaşlıq etmək niyyətindəyik. Media ilə də bağlı xüsusi layihələrimiz olacaq”.