Azərbaycan Tibb Universitetinin diplomlarının xaricdə tanınması istiqamətində mühüm addım.....

Azərbaycan Tibb Universiteti (ATU) Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyi (Independent Agency For Accreditation and Ratıng - IAAR) ilə müqavilə imzalayıb.

<Azərbaycan Tibb Universitetinin diplomlarının xaricdə tanınması istiqamətində mühüm addım.....

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müqavilə ATU-nun tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçirilməsini nəzərdə tutur.

Bu, Tibb Universitetinin tədris proqramlarının akkreditasiya olunması diplomların dünyada tanınma coğrafiyasının genişləndirilməsi istiqamətində mühüm addımlardan biridir.

Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik 2011-ci ildə fəaliyyətə başlayıb. IAAR tərəfindən həm institusional, həm də tədris proqramlarının akkreditasiyası aparılır. Həmin agentlik MDB ölkələri arasında Dünya Tibb Təhsili Federasiyası tərəfindən tanınan ilk qurumdur. IAAR tərəfindən akkreditasiya olunan universitetlər və tədris proqramları Dünya Tibb Təhsili Federasiyasının akkreditasiyanı əldə etmiş sayılırlar. IAAR, həmçinin dünya səviyyəli INQAAHE, CHEA/CIQG, IREG, CEENQA, APQN və s. nüfuzlu qurumların da üzvüdür.

Qeyd edək ki, 2024-cü ilədək dünya üzrə bütün tibb universitetləri Dünya Tibb Təhsili Federasiyasının beynəlxalq akkreditasiyasını almalıdırlar. Əks təqdirdə, sonradan həmin ali məktəblərin diplomlarının tanınmasında ciddi problemlər yaşana bilər. Odur ki, ATU-nun diplomlarının xarici ölkələrdə tanınması coğrafiyasını genişləndirmək məqsədilə tədris proqramlarının beynəlxalq akkreditasiyası ilə bağlı işlər başlanılıb. Beynəlxalq akkreditasiyasının əldə olunması məqsədilə Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli tərəfindən xüsusi komissiya yaradılıb.