Azərbaycan tarixində Milli Qurtuluş səhifəsi.....

XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yeni bərpa etmiş Azərbaycan Respublikası çətin tarixi sınaq qarşısında idi. Həmin dövrdə əsasən iki mühüm məsələ həll edilməli idi: birincisi, Qarabağda ermənistan silahlı qüvvələrinin törətdiyi faciələrin qarşısını almaq və ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükəni aradan qaldırmaq, ikincisi, daxildə mərkəzi hakimiyyət uğrunda gərgin mübarizə aparan siyasi qüvvələri zərərsizləşdirmək və onların milli birliyi öz şəxsi maraqları naminə qurban vermək kimi xain niyyətlərinə imkan verməmək.

<Azərbaycan tarixində Milli Qurtuluş səhifəsi.....

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib. O vurğulayıb ki, burada ən önəmli amil milli birliyi qoruyub saxlamaq üçün ciddi siyasi iradənin ortaya qoyulması idi. Azərbaycan xalqı bu siyasi iradənin müəllifini – yəni öz Ümummilli Liderini gözləyirdi. Məhz onun gəlişi Milli Qurtuluş Günü idi.

İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan xalqının milli birliyini pozmağa çalışan, müstəqil dövlətçiliyimizi və ərazi bütövlüyümüzü təhlükə altında qoyan daxili və xarici qüvvələr vardı: “Ümumi siyasi vəziyyət isə belə idi: bir tərəfdən ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, bir milyondan artıq dinc vətəndaşımızın öz doğma yurdlarını tərk edərək məcbur köçkünə çevrilməsi, digər tərəfdən isə ölkə daxilində hakimiyyətə yiyələnmək uğrunda gedən siyasi çəkişmələr...”.

1993-cü ilin aprelində ermənilər tərəfindən Kəlbəcərin işğal edilməsi Azərbaycan respublikasının ozamankı siyasi rəhbərliyinin möhkəm əsaslara malik olmadığını və siyasi iqtidarın səriştəsiz insanların əlində olduğunu göstərdi. Bu hadisədən sonra ölkə daxilində siyasi böhran daha da dərinləşdi. 1993-cü il iyunun 4-də ozamankı Xalq Cəbhəsi hakimiyyətinə qarşı Gəncədə Surət Hüseynovun hərbi qiyamı bu böhranın son həddi oldu. Xalq Cəbhəsi hakimiyyətinin başçısı Əbülfəz Elçibəy böhrandan çıxmağın yeganə yolunu məhz Heydər Əliyevi Bakıya dəvət etməkdə görürdü. Azərbaycan xalqı siyasi hakimiyyətin bütövlükdə Heydər Əliyevə verilməsi üçün çıxışlar edərək öz səsini ucaltdı. Gəncə şəhərinə gedən Heydər Əliyev oradakı müxalif qüvvələrin rəhbərləri ilə danışıqlar apararaq hərbi qiyamın qarşısını aldı. Onun 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Milli Məclisinin sədri seçildiyi gün bu qanunverici orqanın iclasında etdiyi tarixi çıxış Azərbaycan xalqının gərgin hərbi-siyasi vəziyyətdən çıxması üçün əsas hədəfləri müəyyənləşdirdi. Bu çıxışda respublikamızın daxili və xarici siyasətində başlıca problemlərin həlli yolu olaraq milli birliyə nail olmaq prioritet vəzifə kimi əsas götürüldü. Məhz Heydər Əliyevin mükəmməl və tədbirli yeni siyasi xəttinin nəticəsi olaraq Azərbaycanın daxilində vətəndaş müharibəsinə şərait yaradan qüvvələr zərərsizləşdirildi, dövlətçiliyimizin parçalanmasına çalışan separatist qüvvələrin planları puç oldu. 15 iyun Azərbaycan tarixində ən yeni dövrün başlanğıcı oldu. Ə.Elçibəy respublikada yaranmış mürəkkəb siyasi prosesləri həll edə bilmədiyi üçün yeganə çıxış yolunu Bakını tərk etməkdə gördü. Bundan sonra Milli Məclisin qərarı ilə respublika prezidenti səlahiyyətləri də Heydər Əliyevə həvalə olundu. Heydər Əliyev bir sıra qətiyyətli tədbirləri ilə Azərbaycanın parçalanması üçün çalışan düşmən qüvvələrin planlarını alt-üst etdi. O, 1993-cü ilin avqustunda Azərbaycanın cənub bölgəsində xarici qüvvələrin əlaltısı olan, Lənkəranda qanuni hakimiyyəti devirib qondarma “Talış-Muğan respublikası” yaradıldığını bəyan edən Əlikram Hümbətovun təxribatçılıq fəaliyyətinə son qoydu. Həmin ildə Azərbaycanın şimal bölgəsində ölkəmizi parçalamağa çalışan daha bir hərbi-siyasi qruplaşma zərərsizləşdirildi. Nəhayət, Azərbaycan tarixinin ən mühüm tarixi anlarından biri gəlib çatdı.

“1993-cü il oktyabrın 3-də Heydər Əliyev xalqımızın iradəsi və böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının prezidenti seçildi. Azərbaycanın Milli Qurtuluş Günündən başlayan ən yeni tarixində qızıl hərflərlə yazılan həmin gün xalqımız öz böyük oğlunun ətrafında sıx birləşdi. Azərbaycan dövlətçiliyinin xilası və dirçəldilməsi Ulu Öndərin fəaliyyətinin başlıca nəticəsidir. Müasir Azərbaycan Respublikası məhz onun şah əsəridir”, - deyə tarixçi alim Ramin Əlizadə bildirib.