Azərbaycan ordusu ay ərzində 600 hektaradək ərazini minalardan təmizləyib.....

Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində may ayı ərzində 600 hektaradək ərazi minalardan tam təmizlənib.

<Azərbaycan ordusu ay ərzində 600 hektaradək ərazini minalardan təmizləyib.....

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30 min 420 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10 min 206 piyada əleyhinə, 2 min 580 tank əleyhinə mina və 10 min 446 partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Bundan başqa, Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə may ayı ərzində ümumilikdə 830 kilometr yol qar örtüyündən təmizlənib.

Qeyd edək ki, mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Azad edilmiş ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.