Azərbaycan könüllüləri Türkiyəyə yardıma gedirlər.....

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərər çəkmiş qardaş türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə könüllü gənclərimiz də qoşulub.

<Azərbaycan könüllüləri Türkiyəyə yardıma gedirlər.....

Gənclər Fondundan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri arasından daha təcrübəli və çətin şəraitdə fəaliyyət göstərməyə hazır olan gənclər müəyyən edilərək, ilkin təlimatlandırma keçdikdən sonra türkiyəli həmkarlarına dəstək vermək üçün qardaş ölkəyə yola düşüblər.

Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan ittifaqın bu humanitar fəaliyyəti çərçivəsində Azərbaycan könüllüləri öz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edəcəklər.

Azərbaycan könüllüləri bir daha dəhşətli faciə ilə üzləşmiş qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu bildirir, bu faciədə həyatını itirənlərin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.