AzMİU-da narkomaniya ilə mübarizə layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.....

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin təşkilatçılığı ilə “Narkomaniya aludəçiliyinin qarşısının alınması istiqamətində təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.

<AzMİU-da narkomaniya ilə mübarizə layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.....

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə ictimai birliyin sədr müavini Telman Məmmədov layihə çərçivəsində görülən işlərdən danışıb, narkomaniya ilə mübarizənin ailə sağlamlığının təmin edilməsində önəmli yer tutduğunu vurğulayıb. O, görüşdə səslənəcək fikirlərin, təkliflərin, təhlillərin problemi birgə səylərlə aradan qaldırmaq, qarşısını almaq baxımından faydalı olacağına əminliyini bildirib.

Universitetin rektoru professor Gülçöhrə Məmmədova dövlətin gənclər və idman siyasətinə, ailə institutuna göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Rektor 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 30 illik işğala son qoymasından, canından, qanından keçən qəhrəman oğullarımızın hünərindən söz açıb. Ölkəmizdə belə nümunəvi gənclərlə yanaşı, pis vərdişləri ilə həm özü, həm də cəmiyyət üçün təhlükə mənbəyi olan narkotik aludəçilərinin də olduğunu təəssüflə deyən rektor narkomaniyanı əsrin faciəsi kimi qiymətləndirib, bu qlobal bəla ilə mübarizədə bütün cəmiyyətin səfərbər olmasının vacibliyini vurğulayıb.

Azərbaycan dövlətinin narkomaniyaya qarşı mübarizə ilə bağlı həyata keçirdiyi siyasətdən və yaradılmış qanunvericilik bazasından danışan Milli Məclisin deputatı Musa Qasımlı da çıxışında müzakirə olunan problemin təkcə bir ölkənin deyil, bütün dünyanın qlobal problemi olduğunu qeyd edib. O, narkomaniya bəlasının fəsadları ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinə, xüsusən sosial şəbəkələrin imkanlarından istifadənin səmərəliliyinə diqqət çəkib.

Narkotik aludəçilərinin, narkomaniya qurbanlarının statistikasının ilbəil artmasına diqqət çəkən Milli Məclisin deputatı Ramin Məmmədov tələbələrin sosial şəbəkələrdə aktivləşməsinin, narkotikləri təbliğ edənlərə qarşı kompleks şəkildə mübarizə aparmasının zəruriliyinə toxunub.

Müzakirə olunan problemlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində İctimai Şuranın üzvü Kəmalə Haşımova təmsil etdiyi təşkilatın gördüyü işlərdən danışıb. Bu bəlanın qarşısının alınmasında ictimai maarifləndirmənin ənənəvi forma və metodları ilə yanaşı, sosial medianın rolu xüsusi qeyd edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Tural Hüseynzadə son vaxtlar gənclərin zərərli vərdişlərə meylinin artmasının cəmiyyətdə ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb. “Bu problemdən çıxış yolu gənclər arasında sağlam həyat tərzinin təbliği, problemə müasir formada yanaşma tərzi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsidir”.

Mövzu ətrafında müzakirələr aparılıb. Sonda iştirakçılara layihə çərçivəsində nəşr edilən bukletlər, qələm və dəftərlər paylanılıb.