Anar Kərimov: Gürcüstanda azərbaycanlılara məxsus mədəniyyət ocaqları ilə bağlı məsələ diqqət mərkəzində olacaq.....

Gürcüstana səfərim çərçivəsində bu ölkədəki azərbaycanlılara məxsus mədəniyyət ocaqları ilə bağlı məsələ diqqət mərkəzində olacaq.

<Anar Kərimov: Gürcüstanda azərbaycanlılara məxsus mədəniyyət ocaqları ilə bağlı məsələ diqqət mərkəzində olacaq.....

AZƏRTAC xəbər verir ki, bunu Tbilisidə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir deyib ki, bir sıra rəsmi görüşlərdə sözügedən tarixi və mədəniyyət irsinin Gürcüstan hökuməti tərəfindən qorunması və qayğı göstərilməsi məsələsi qaldırılacaq.

A.Kərimov söyləyib: “Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyinin vəziyyəti ilə də tanışlıq olacaq. Azərbaycanın tarixi və mədəniyyətinə aid abidələrin qorunması məsələsi Gürcüstan tərəfi ilə gündəmdə saxlanılacaq”.

Nazir qonşu ölkəyə səfəri çərçivəsində muzeylərarası, kino, mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələlərinin də nəzərdən keçiriləcəyini bildirib.

A.Kərimov səfər çərçivəsində Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrə də baş çəkəcək, bir sıra tədbirlərdə iştirak edəcək.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi