Alimlər qütb parıltısının formalaşması prosesini laboratoriya şəraitində imitasiya ediblər.....

Alimlər qütb parıltısı ilə nəticələnən hadisəni ilk dəfə olaraq laboratoriya şəraitində imitasiya ediblər. Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc edilib. Qütb parıltısı Yerin maqnitosferi ilə Günəş küləyindən olan elektronların qarşılıqlı təsiri nəticəsində baş verir. Yerin maqnit sahəsi bu zərrəcikləri tutan zaman onlar qüvvə xətləri boyunca hərəkət etməyə başlayır. Nəticədə elektronlar planetin atmosferində qütblərə doğru gedir. Orada azot və oksigen molekulları ilə qarşılaşır və beləliklə, göy-yaşıl parıltı meydana gəlir.

<Alimlər qütb parıltısının formalaşması prosesini laboratoriya şəraitində imitasiya ediblər.....

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, amerikalı fiziklər bu prosesi laboratoriyada plazma generatorunun köməyilə təkrarlayıblar. Onlar öz tədqiqatlarını görkəmli fizik Lev Landaunun 1947-ci ildə irəli sürdüyü nəzəriyyə ilə əsaslandırıblar. Alim aşkar edib ki, elektromaqnit dalğalar və plazma buludunun daxilindəki müxtəlif yüklü zərrəciklərin qarşılıqlı təsiri nəticəsində elektronların hərəkəti sürətlənəcək. Atmosferdə bu cür titrəyişin mənbəyi Alfven dalğaları ola bilər. Bu müddəaları rəhbər tutan Ayova ştatı universitetinin (ABŞ) professoru Kreyq Kletsinq və onun həmkarları aşağı yerətrafı orbitin və qütblər üzərində ionosferin yuxarı qatlarının şəraitini yaradaraq Alfven dalğalarının və yüksək enerji elektronlarının qarşılıqlı təsirini izləyiblər.

Məlum olub ki, Alfven dalğaları ilə qarşılıqlı təsir nəticəsində elektronların təqribən 0,1 faizi həqiqətən kəskin şəkildə sürətlənib. Alimlərin fikrincə, bu sürət elektronların ionosferin aşağı qatlarına daxil olmasına, orada azot və oksigen atom və molekulları ilə toqquşmasına kifayət etməlidir.

Fiziklər ümid edirlər ki, gələcək təcrübələr elektronların necə sürətləndiyini təfərrüatı ilə öyrənməyə imkan yaradacaq. Bunun nəticəsində qütb parıltılarının yaranmasının və yoxa çıxmasının digər mexanizmlərini də öyrənmək mümkün olacaq.