Alimlər ağciyər xərçənginin yaranma ehtimalını flüoroqrafiya üzrə hesablayan neyroşəbəkə yaradıblar.....

Niderland və Danimarka alimləri ağciyər xərçənginin yaranma riskini flüoroqrafiya və ya kompüter tomoqrafiyasının köməyilə əldə edilmiş şəkillər üzrə dəqiq müəyyənləşdirə bilən yeni süni intellekt sistemi yaradıblar. Onun tətbiqinin ilk nəticələrindən “Radiology” jurnalında dərc edilmiş məqalədə danışılır.

<Alimlər ağciyər xərçənginin yaranma ehtimalını flüoroqrafiya üzrə hesablayan neyroşəbəkə yaradıblar.....

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Radbud Universitetinin (Niderland) elmi işçisi Kiran Venkadeşin sözlərinə görə, yeni alqoritm radioloqlara aşkar etdikləri ağciyər düyünlərində bədxassəli şişlərin yaranması təhlükəsini dəqiq qiymətləndirməyə kömək edəcək. Bu, onlara xərçəngin sonrakı diaqnostikasını keyfiyyətli aparmağa imkan yaradacaq.

K.Venkadeş və onun həmkarları tomoqrafiyanın nəticələrində və ya flüoroqrafik şəkillərdə anomaliyaların axtarışı, eləcə də normadan kənara çıxma hallarının pasiyentin ağciyərində bədxassəli şişləri necə yaratdığını müəyyənləşdirən süni intellekt sistemi yaradıblar.

Alimlər neyroşəbəkənin təlimi üçün 16 mindən çox ağciyər düyününün olduğu bir neçə min ağciyər təsvirindən ibarət baza hazırlayıblar. Bir qayda olaraq, ağciyər düyünləri özlüyündə xoşxassəli şişlərdir, lakin 20 faiz halda bədxassəli şiş meydana gəlir.

Yeni neyroşəbəkə ağciyər düyünlərinin hər iki növünü seçib-ayıra bilib, xərçəngin yaranma ehtimalını 82-93 faiz dəqiqliklə qiymətləndirib və bunula da müvafiq sahədə qəbul edilmiş 11 eksperti üstələyib. Bu, sözügedən süni intellekt sistemindən pulmonoloqların, onkoloqların və radioloqların köməkçisi qismində istifadə edilməsinə imkan yaradır. Belə ki, sistem onların əldə etdikləri nəticələri müstəqil şəkildə yoxlayacaq.

Alimlər neyroşəbəkəyə müxtəlif vaxtlarda əldə edilmiş şəkilləri müqayisə etmək imkanını əlavə etməklə, onun işini daha da yaxşılaşdırmağı planlaşdırırlar. Onların fikrincə, bu əlavələr sistemin işində dəqiqliyi xeyli dərəcədə yüksəldəcək və təkrar müayinələrin keçirilməsi zəruriliyinin müəyyənləşdirilməsi üçün süni intellektdən istifadə edilməsinə imkan yaradacaq.