Alça çiçəyi.....

  Bu dünyada çoxlu sayda ağaclar və adlı-adsız çiçəklər var. Qollu-budaqlı və hər çiçəyi bir qırmızı təbəssümü andıran nar ağacı var. Meyvəsi min bir dərdə dərman olan alma ağacı və onun çəhrayı-çəhrayı çiçəkləri var. Yazın ilkin muştuluqçusu sarı çiçəkli zoğal ağacı var.

<Alça çiçəyi.....

Bir də boyu boylardan seçilməyən alça ağacı var. Alça ağacının ağappaq, qar dənəsi kimi çiçəkləri var. Özü də bu çiçəklər elə düzülüb ki, gendən baxanda “əl dəymə, töküldüm ha töküldüm” deyir. Elə bilirsən ki, qəfil bir külək, ilıq bir yaz mehi əsməyi ilə üstündə çiçək deyilən heç nə qalmayacaq. Bəlkə də alça çiçəyinin gözəlliyi elə bu düzülüşdən, bu “töküldüm ha töküldümdən” başlayır. Vay o günə ki, alça ağacı naşı bağban əlinə düşə.

Çiçək vədəsi, çiçək çağı alçaya su verməzlər. Alça çiçəkləyəndə ona su verdin, inanma ki, üstündə çiçəyi qala, bar vədəsi gözəllərin həyadan qızarmış yanağına bənzəyən qırmızı-qırmızı meyvəsi ola. Alça su içdisə, bir az ötəli baxarsan ki, elə bil ağacın dibinə ağappaq dəsmal sərmisən. Elə bil hansısa əli qurumuşsa gedib ağacın gövdəsindən tutub gücü gəldikcə silkələyib. Alça çiçəkləyəndə ona dəhrə, balta vurmazlar. Əgər qurumuş budaqları kəsmək gərəkdirsə, bunu ya çiçəkdən əvvəl, ağacın budağına su verilməmiş edərlər, ya da barı, mer-meyvəsi uralanıb qurtarandan sonra. Təbiət özü göstərir ki, bunları çiçək vədəsi etməzlər. Yoxsa dəhrə dəyən yerdən alça köz-köz, çiçək-çiçək ağlayar.

Bəzən biz insanlar alça ağacına biganə münasibət bəsləyirik. Əl-əl gəzib yaxşı alma, armud növü axtarırıq, zoğal, ərik, badam əkirik, fındıq, gilas, zoğal şitilləyirik, amma hələm-hələm alça ağacı əkmirik. Çox vaxt onu urvatsız tutduğumuza baxmayaraq, alça çox etibarlı, dözümlü ağacdır. Bu ağac köhnə yurd yerlərində, dədə-baba ocaqlarımızda həmişə yaşayır. Çox vədə köhnə dəyirmanı, qədim yurd yerini alça ağacı ilə soraqlayırlar. Gör, alça necə urvatlıdır ki, xeyir-bərəkətimizin üyündüyü dəyirmanın yanında da bitir. Tez-tez belə deyimlərə tuş oluruq: “Köhnə dəyirmanın yanındakı alça”…

Bütün ağaclar məhv olub, quruyub gedir, amma alça ağacı öz etibarı ilə ömürləyir. Bizim izimizlə əzizlərimizin qəbirlərinin yanına qədər gedib çıxır. Alça çiçəyi özü boyda ağappaq işıqdır. Bu ağappaq işıq bir qız gülüşüdür, yaxşı ana öyüdü görmüş, yaxşı sevgiyə ürcah gəlmiş həyalı bir qız gülüşü. Hansı qızı, hansı gəlini alça çiçəyinə bənzətsən, inanma ki, onun könlünü qırmış olarsan. Çox nahaq demirik ki, alça çiçəyi qızlar, alça çiçəyi balam.. Əksinə, bəlkə də ən yaxşı qızlar, ən gözəl gəlinlər elə alça çiçəyidir.

Düyünçəsinə əl dəyəndə adamın yadına diş hədiyini çıxarmış körpə düşür. Tək-tək diş çıxaran körpə, onun üz-gözündə ləçəkləyən təbəssüm elə alça çiçəyinin özüdür. Yazın sorağını verən zoğal və badam ağaclarının ardınca həmişə alça çiçəkləyir. Yetişəndə o ağ çiçəyin turş meyvəsi, turş dadı olur. Amma hər ilin yaz vədəsi duz batırıb yediyimiz o turş meyvənin həsrətini çəkirik. Analarımız ən ləziz, ən dadlı xörəklərinə alça turşusu, alça qurusu tökərlər. O gəlindən gəlin olmaz ki, həmin o turş alçadan bu üzündən baxanda o biri üzü görünən yuxa kimi lavaş salmağı bacarmasın.

Alça çiçəyi yazda qışı, payızda yazı xatırladır. Bir də görürsən ilin payızı yaxşı gələndə alça təzədən çiçəkləyir. Bir çiçək açır, bir çiçək açır, hərəsi bir qar lopası. İki göz gərək ki, tamaşa etsin. Yerin sevəndi alça ağacı. İlin payız vədəsi cır alçanın kökünü çəpinə kəsib başqa yerdə basdırsan, yazda baxarsan ki, cır alça dönüb olub peyvənd. Ana təbiətdə əzəmətli, boy-buxunlu ağaclar var ki, ona oxşamaq, onun kimi ömür sürmək istəyirik. Palıd kimi möhkəm, çinar kimi uca, dəmirağacı kimi dözümlü olmağı arzulayırıq. Alçanın əzəmətli boy-buxunu, yeyəndə dadı damaqlardan getməyən tamlı meyvəsi olmasa da, bizim oxşamaq istədiyimiz ağacların heç birindən kəm deyil. Heç bir ağac, heç bir kol çiçək vaxtı alça ağacının, təpədən dırnağa gözəllik olan alça çiçəyinin yerini verməz. Başqa ağacları əl-əl gəzdiyimiz, əkib-becərib qulluğunda durduğumuz halda alça ağacı özü öz törəməsini, nəslini artırır.

Ağappaq alça çiçəyi adamı təmizliyə, paklığa, duruluğa, xeyirxahlığa çağırır. Harada təmizlik, paklıq varsa, orada müqəddəslik var, orada gözəllik var. Gözəl olan hər şey sevilməyə, əzizlənməyə və qorunmağa layiqdir...

Bakı, 18 aprel, Göyçək Mahmudlu, AZƏRTAC