Akustik küy və elektron tullantı problemlərinin analizi ilə bağlı tədqiqatlar davam etdirilir.....

AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu il elektron tullantı problemləri və onların həlli yolları mövzusu üzrə qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi və müqayisəli təhlili ətrafında araşdırmalar aparılıb, elektron tullantıların müasir idarəetmə modelləri analiz edilib. Mövzu üzrə məqalə və tezislər dərc olunub.

<Akustik küy və elektron tullantı problemlərinin analizi ilə bağlı tədqiqatlar davam etdirilir.....

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev bildirib ki, cari ildə əşyaların interneti və 5G mobil rabitə texnologiyalarının tətbiqi ilə ətraf mühitin akustik küy çirklənməsi problemləri və onların həlli yolları, bu çirklənmənin insan sağlamlığına təsiri xüsusiyyətləri analiz edilib.

Daha sonra məruzəçi rəhbərlik etdiyi şöbənin elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmmetrik göstəriciləri, eləcə də beynəlxalq elmi-texniki əməkdaşlıq üzrə fəaliyyəti haqqında məlumat verib.

Şöbə müdiri bəzi mövzular üzrə tədqiqat işlərinin aparılması üçün bir sıra nəzarət və ölçü avadanlığının alınmasının zəruri olduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Rasim Əliquliyev qeyd edib ki, son illər ekoloji problemlərin, o cümlədən ətraf mühitin istər tullantılarla, istərsə də akustik küylə çirklənmə səviyyəsinin kəskin artması bu problemlərin həlli istiqamətində elmi-nəzəri və elmi-praktik tədqiqatların aparılması işini aktuallaşdırıb. Hər iki problem üzrə aparılan tədqiqatları respublikamız üçün yeni və ilkin tədqiqatlar kimi qəbul etmək olar.

R.Əliquliyev qazanılmış bilik və təcrübəyə, qabaqcıl ölkələrin təcrübəsinə əsaslanaraq Azərbaycanda elektron tullantıların idarə edilməsi üzrə konsepsiyanın işlənilməsi və müzakirəyə təqdim edilməsinə dair tapşırıqlar verib. Eləcə də şöbə əməkdaşlarının əldə etdiyi elmi nailiyyətlərin kütləvi informasiya vasitələrində geniş təbliğinin vacibliyini önə çəkib.