Akkan Suver: Ulu Öndərin Türkiyə-Azərbaycan əməkdaşlığı üçün gördüyü işlər bu gün yürüdülən siyasətin təməl daşıdır.....

Bugünkü müasir Azərbaycanın formalaşmasında əvəzsiz payı olan Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevlə 1998-ci ildə tanış oldum.

<Akkan Suver: Ulu Öndərin Türkiyə-Azərbaycan əməkdaşlığı üçün gördüyü işlər bu gün yürüdülən siyasətin təməl daşıdır.....

İllər əvvəl Türkiyə Respublikasının IX Prezidenti mərhum Süleyman Dəmirəldən də, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucusu mərhum Alparslan Türkeşdən də dinlədiyim bir Heydər Əliyev var idi. Süleyman Dəmirəl bizə Azərbaycanı yaşadığı böhrandan xilas edəcək yeganə şəxsin Heydər Əliyev olduğunu deyəndə hələ 1995-ci il idi. Daha sonra Alparslan Türkeş də eyni düşüncəni bizimlə bölüşdü.

Mən 1998-ci ildə Mərmərə Qrupu Vəqfinin prezidenti seçiləndə dəfələrlə Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyinə Heydər Əliyevi Mərmərə Qrupu Vəqfində qonaq etməyimlə bağlı müraciət etdim. Nəhayət, 1998-ci ilin oktyabrında bu xahişimə cavab olaraq bir saat yarımlıq bir qəbulun keçirilə biləcəyini bildirdilər. Dərhal dostlarımla Hilton otelində nahar görüşü təşkil etdim. Həmin gün Hilton otelində 500-dən çox görkəmli şəxsiyyət Heydər Əliyevi böyük bir həyəcanla dinlədi. Bir saat yarım nəzərdə tutulan görüş dörd saat yarım davam etdi. Məclisdəki gözəl ab-hava Heydər Əliyevin də xoşuna gəlmişdi ki, görüşün sonunda “Məni də bu fonda üzv edin”, - deyə bildirdi. Belə bir böyük şəxsiyyətin bizi yüksək qiymətləndirməsi qürurverici hal idi. Bundan sonra vəqf rəhbərliyi toplaşaraq yekdilliklə Heydər Əliyevə “Fəxri Sədr” adını verdi. Bununla əlaqədar dərhal Süleyman Dəmirələ məlumat verdik və sonra öyrəndik ki, Süleyman Dəmirəl bununla bağlı Heydər Əliyevə məktub ünvanlayıb.

Süleyman Dəmirəlin tarixi baxımdan böyük əhəmiyyət kəsb edən bu məktubunda deyilirdi:

“Əziz Qardaşım,

İstanbulda yerləşən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin Zati-Alilərinizi “Fəxri Sədr” seçmə qərarını böyük məmnuniyyətlə öyrəndim.

Türkiyənin qabaqcıl mütəfəkkirlərini, iş adamlarını bir araya gətirən bu vəqfin işini mən də təqdirlə izləyir, müxtəlif vəsilələrlə təşkil etdikləri toplantılarda çıxış edirəm. Belə sayılıb-seçilən qeyri-hökumət təşkilatlarının ölkənin ictimai, siyasi, iqtisadi və intellektual həyatına mühüm töhfələr verdiyinə inanıram.

“Fəxri Sədr” məktubunuzu təqdim etmək üçün Zati-Alinizi ziyarət edəcək vəqfin sədri hörmətli Akkan Suver və heyətindən hər zamankı yaxın maraq və dəstəyinizi əsirgəməyəcəyinizdən əmin olaraq Zati-alinizə sağlamlıq, qardaş Azərbaycan xalqına sülh arzulayıram.

S.Dəmirəl”

“Fəxri Sədr”lik məktubumuzu Ulu Öndərə təqdim etmək üçün dərhal Bakıya getdik və o gündən əbədiyyətə qovuşanadək aramızda müstəsna bir dostluq münasibətləri yarandı.

Bu fikirləri ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini AZƏRTAC-la bölüşən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver ifadə edib.

Professor deyib: “Osmanlı və Yaxın Şərq xalqları uzun illər ərəb əlifbasından anlaşılmaz dəyər ölçüsü ilə istifadə ediblər. Eləcə də Orta Asiyada, Qafqazda və Balkanlarda insanlar kiril əlifbası ilə yaşayırdılar. Onlar üçün latın əlifbası bir məna kəsb etməkdən uzaq idi. Halbuki əlifba eyni dili paylaşan və eyni kökdən gəldiyinə inanan insanlar üçün çox vacibdir. Bir araya gələ bilməyən insanlar bir-birinin səsini eşitməsələr də, ümumi hərflərlə ünsiyyət qurması mümkün idi. Türkiyə xalqının ulu öndəri Mustafa Kamal Atatürk bu dəyər ölçüsünün əhəmiyyətini dərk edərək, 1928-ci il avqustun 9-da köhnə yazı dediyimiz ərəb əlifbasına son qoydu.

Aradan 73 il keçdikdən sonra, 2001-ci il avqustun 1-də Heydər Əliyevin ifadə etdiyi fikirləri heç unutmuram.

O demişdi ki, müstəqilliyimizi əldə etdikdən sonra yaranan tarixi şərtlər, xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə uyğunlaşa bilməsi üçün yeni üfüqlər açacaq latın qrafikalı Azərbaycan əlifbasının qəbulu zərurətdir. Digər tərəfdən, kiril hərflərinin dilimizin səs quruluşuna uyğun olmaması Azərbaycan ziyalılarını bu əlifbanın reallaşması ilə bağlı davamlı araşdırmalar aparmağa sövq edirdi.

Heydər Əliyevin rəhbərliyi ilə latın əlifbasına keçid Azərbaycanı Qərbə yaxınlaşdırmaqla yanaşı, Bakı ilə Ankara və türk dünyası arasında tamamilə yeni münasibətlər halqası yaratdı.

Bəli, Anadolu türklərini ərəb hərflərindən, azərbaycanlıları isə kiril əlifbasından ana dilinə döndürən Mustafa Kamal Atatürk və Heydər Əliyev xalqlarının üzünü dövrün aydınlığına çevirən iki böyük liderdirlər. Onlardan biri XX, digəri isə XXI əsrdə türklüyün zirvələri olaraq öz yerlərini tutublar.

Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan birliyi və ölkələrimiz adına enerji sahəsində atdığı tarixi addımlara toxunan müsahibimiz deyib: “Ulu öndər Heydər Əliyevin Azərbaycanın idarəçiliyində Türkiyə-Azərbaycan əməkdaşlığı üçün gördüyü işlərin bu gün izlənilən siyasətin təməl daşı olduğunu desək yanılmarıq. Heydər Əliyev dedikdə onun enerji strategiyasını yada salmamaq böyük bir səhv olar. Çünki, onun əsasını qoyduğu enerji strategiyası bugünkü Cənub enerji dəhlizinin infrastrukturunu formalaşdırdı və yenə bu gün Türkiyə Avrasiyanın mərkəzinə çevrilirsə, bunun Heydər Əliyevin əsəri olduğunu unutmamalıyıq.

Bakı ilə Ankara arasında həyata keçirilən layihələr Heydər Əliyevin enerji strategiyasının əsəridir. Bu layihələrin təməlləri Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə atılıb. Heydər Əliyev bütün enerji layihələrini Türkiyə ilə həyata keçirməyi hədəfləmişdi. Bu hədəf Türkiyənin bu gün enerji bazasına çevrilməsi üçün üfüqlər açdı. SOCAR, dövrün sərmayəsi olan TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu, bütün bu sərmayələr və layihələr gələcək üçün prosesin davam etdirilməsinə işarədir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də birgə biznesin daha bir nümunəsidir. Bu layihə ilə təkcə Qafqaz regionu deyil, həm də Mərkəzi Asiya Avropa ilə inteqrasiya olunur. Bu inteqrasiya ipək yoludur, Pekinin Londonla əlaqəsidir. Bütün bu layihələr qısa bir dövrü əhatə etsə də, səmərəli gələcəyin xəbərçisidir. Bu gün Türkiyənin ən böyük xarici investor tərəfdaşı Azərbaycandır və Azərbaycan-Türkiyə münasibətlərindəki birlik də onun əməyinin nəticəsidir. Bir sözlə desək, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər ulu öndər Heydər Əliyevin ifadəsində özünü ən gözəl şəkildə büruzə verdi: “Bir millət, iki dövlət!”. Keçmişdən bu günə qədər bir-birinə bağlı olan bu iki qardaş dövlət son iyirmi ildə fövqəladə tərəfdaşlıqlara imza atdı. Azərbaycan Heydər Əliyev ilə müstəqilliyi, sabitliyi, demokratiyanı təmin etdi. Türkiyə ilə Azərbaycan arasındakı bu münasibətlər isə liderlərimiz Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanla daha da böyüdü, inkişaf etdi. Bütün inkişaf və yüksəliş dövründə Türkiyə ilə Azərbaycan daim yan-yana durdu. Onu da unutmamalıyıq ki, Heydər Əliyev Sovetlər Birliyində yüksək vəzifəyə layiq görülən ilk və yeganə türkdür”.

“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın nüfuzunu dünyanın bir ucundan digərinə uzanan xətt üzrə beynəlxalq aləmdə qəbul etdirdi. Mühüm beynəlxalq təşkilatlara üzv etməklə Azərbaycanın dünya miqyasında təsirini artırdı. Hakimiyyəti dövründə Azərbaycanda və Qafqazda inanılmaz uğurlara imza atan Heydər Əliyev ilk olaraq Lissabonda toplanan ATƏT-də Ermənistanı Qarabağın işğalçısı kimi qəbul etdirdi və bunu Ermənistan istisna olmaqla, digər bütün iştirakçı dövlətlərlə birgə qərar altına aldı. Bu, həmin günün şərtləri ilə beynəlxalq aləmdə görünməmiş hüquqi nailiyyət idi. Bu hüquqi uğur Azərbaycan torpaqlarının işğaldan azad olunmasında mühüm rol oynayacaq tarixi bir addım idi. Bu uğur illər sonra onun qurduğu, bu gün Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu Qafqazın ən güclü ordusu olan Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfəri qanuniləşdirəcəkdi. İndi türk dünyası adına tarixi Zəfərə imza atan, Heydər Əliyevin şah əsəri olan azad Azərbaycan əmin əllərdədir”, - deyə Akkan Suver bildirib.

 

Günel Məlik

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul