Akademik Vasim Məmmədəliyevin həyat və fəaliyyəti nəsillərə örnəkdir.....

Mənalı və şərəfli ömür yolu keçmiş akademik Vasim Məmmədəliyevin elm və təhsilimizin inkişafında xidmətləri əvəzsizdir. Görkəmli alimin həyat və fəaliyyəti nəsillərə örnəkdir.

<Akademik Vasim Məmmədəliyevin həyat və fəaliyyəti nəsillərə örnəkdir.....

Bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov AZƏRTAC-a müsahibəsində vurğulayıb. Rektor deyib: “Alimin böyüklüyü, gücü ondadır ki, o, elmi təbliğ edir, özündən sonra gələn nəsil isə onun zəhmətindən bəhrələnir. Azərbaycan xalqının qəlbində əziz xatirəsi yaşayan mərhum alimimiz akademik Vasim Məmmədəliyevin ölkəmizdə şərqşünaslıq və ilahiyyat elmlərinin inkişafında, bu sahələrdə elmi kadrların hazırlanmasında müstəsna rolu olub. Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin 26 il müddətində qurucu dekanı olmuş Vasim müəllim elmə, təhsilə böyük töhfələr verib. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan İlahiyyat İnstitutunun pedaqoji heyətinin böyük bir hissəsi məhz onun tələbələrindən təşkil olunub. Akademikin “Bəsrə qrammatika məktəbi”, “Kufə qrammatika məktəbi”, “Ərəb dilçiliyi”, “Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları” kitabları Azərbaycan şərqşünaslığında fundamental əsərlərdən hesab edilir. Akademik Ziya Bünyadovla birgə Qurani-Kərimin dilimizə tərcüməsini həyata keçirməsi Azərbaycanın və bütövlükdə İslam dünyasının elmi-mədəni həyatında mühüm hadisə olmaqla, ölkəmizdə İslama, bu dinin tarixinə dair araşdırmalara güclü təkan verib. Böyük zəhmət bahasına ərsəyə gələn bu tərcümə işi ilə tanış olan hər kəs ayələri dilimizdə oxuyan zaman mötərizələrdə qeyd olunan şərhləri götürdüyü halda belə, cümlələrin strukturunun dil baxımından dəyişmədiyini görür ki, bu da böyük alimin həm ərəb dilini gözəl bildiyinin, həm də Azərbaycan dilinə yaxşı bələd olduğunun əyani göstəricisidir.

Akademik V.Məmmədəliyev şərqşünas, dinşünas alim olmaqla yanaşı, həm də musiqimizi dərindən bilən şəxsiyyət idi. Mən dəfələrlə böyük ustadlarımızın muğamlarımız haqqında ondan məlumat topladıqlarının şahidi olmuşam. Vasim müəllim doğma Vətənə, torpağa bağlı insan idi.

Alimin Azərbaycan Televiziyasında aparıcısı olduğu “Haqqın dərgahı” proqramı ilə xalqımız din haqqında məlumatlandırılıb.

Akademik Vasim Məmmədəliyev 1981-1991-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə BDU-nun humanitar fakültələr üzrə prorektoru, həmçinin 1991-ci ildən Ərəb filologiyası kafedrasının müdiri, 1993-cü ildən İlahiyyat fakültəsinin dekanı vəzifələrində çalışıb. Azərbaycanın və Rusiya Federasiyasının Dağıstan Respublikasının Əməkdar elm xadimi, Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi-Dini Şuranın sədri, AMEA-nın həqiqi üzvü, İraq Elmlər Akademiyasının, Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyasının və Misir Ərəb Dili Akademiyasının müxbir üzvü, Azərbaycan–İraq Dostluq Cəmiyyətinin sədri, İslam Əməkdaşlıq Təşkilatı Müsəlman Hüququ Akademiyasının akademiki və Azərbaycanın sözügedən qurumda təmsilçisi, Türkiyə Elmi Araşdırmalar Vəqfinin və İran Beynəlxalq Əhli-Beyt Assosiasiyasının, Azərbaycan İlahiyyat İnstitutu Himayəçilər Şurasının üzvü olub.

Çoxsaylı kitabların, yüzlərlə elmi məqalənin müəllifi, onlarca dissertasiya işinin rəhbəri olan alimin əsərləri 15-dən artıq xarici ölkədə nəşr edilib. Elm və təhsil sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.