Akademik Rafael Hüseynov: Azad Şuşada Vaqifin məqbərəsi qarşısında yenidən dayanmaq qəlbi qürurla doldurur.....

Azərbaycanın son Qarabağ savaşında qələbəsindən, şanlı ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsindən aylar keçsə də, zəfərimizin sevinci də, zəfərli yolumuz da, hər gün əziz Qarabağa yeni qayıdışlarımız da davam edir. Avqustun 29-da Azərbaycanın böyük tərkibdə elm, ədəbiyyat, mədəniyyət xadimlərinin gözəl Şuşaya Vaqif Poeziya Günlərinə bayram etmək üçün gəlişi qələbəmizin və zəfər yolumuzun daha bir davamı, Qarabağa daha bir möhtəşəm qayıdışımız sayılmağa layiqdir.

<Akademik Rafael Hüseynov: Azad Şuşada Vaqifin məqbərəsi qarşısında yenidən dayanmaq qəlbi qürurla doldurur.....

Bunu Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov AZƏRTAC-a açıqlamasında söyləyib.

“Azad Şuşada, Qarabağın rəmzlərindən olan Cıdır düzündə addımlamaq, böyük Vaqifin yenidən bütün əzəməti ilə yüksələn məqbərəsi qarşısında dayanmaq könüldə iftixar oyadır, qəlbi qürurla doldurur. Azərbaycan insanına bu qüruru, bu iftixarı bağışlamış, Qarabağ zəfərimizin memarı Prezident İlham Əliyev avqustun 30-da Vaqif Poeziya Günlərinin açarkən 1982-ci ili, unudulmaz Heydər Əliyevin iştirakı ilə Molla Pənah məqbərəsinin açılışının edildiyi qarlı-sazaqlı, amma indiki avqust günləri kimi hərarətli çağları xatırlayaraq rəqəmlərin heyrətli cazibəsinə diqqət yönəltdi. Söylədi ki, o vaxt Vaqif türbəsini açarkən ulu öndər Heydər Əliyevin 59 yaşı vardı, indi erməni qəsbkarlarının caynağından xilas edilərək əvvəlki gözəlliyi ilə bərpa edilmiş Vaqif məqbərəsinin yenidən açılışını kerçirərkən, azad Şuşada Vaqif poeziya günlərini illər ayrlığından sonra təzədən başlayarkən mənim də 59 yaşım var. Ölkə Prezidentinin bu duyğulu sözləri mənim yadıma xeyli rəmzi olan başqa “59”ları saldı. 1996-cı ilin oktyabrında qədim Naxçıvan torpağında idik. 59 il ömür sürmüş dahi Cavidin ata-baba yurdunda təntənə ilə xatirəsi anılırdı, böyük Heydər Əliyev Cavid məqəbərəsini açırdı. Həmin mərasimdə mən də çıxış etdim və söylədim ki, Cavid 1937-ci ilin 4 iyun gecəsində həbs edildi və doğmalarından o ayrılan oldu. İndi üstündən düz 59 il keçirkən Cavid bu məqbərədə ailəsi ilə, əzizləriylə yenidən qovuşur, vəfalı ömür yoldaşı Mişkinaz xanımla, sevimli oğlu Ərtoğrolla təzədən eyni tavan, eyni qübbə altında görüşür. Ulu öndər Heydər Əliyevin ictimai vicdanımız qarşısında ən müstəsna xidmətlərindən olan Cavid qayıdışının, ölməz ustadın millətinə, Vətəninə dönüşünün zirvəsi sayılası bu məqbərə mənim nəzərimdə sadəcə bir türbə, yalnız bir memarlıq abidəsi deyil. Daha əvvəl burada, Naxçıvan torpağında ucalan ən uca sərhəd dirəyimizdir. Eyni duyğuları mən gözəl Şuşada, Vaqif məqbərəsinin bərpadan sonrakı açılışında, Vaqif şeir günlərinin başlanğıcında da yaşadım. Bu məqbərə də mənim düşüncəmdə yalnız abidə, türbə deyil, Şuşada, Qarabağ torpağında dikələn ən uca sərhəd dirəyimizdir. Yəqin 1982-ci ildə Vaqif türbəsinin ilk açılışında 59 yaşlı Heydər Əliyev də bu fikirdəymiş, yəqin 2021-ci ilin avqustunda yeni ömür bağışladığı Vaqif məqbərəsi qarşısında vüqarla dayanarkən 59 yaşlı Prezident İlham Əliyev də eyni qənaətdədir. Ən böyük arzu, ümid və inam odur ki, Zəfərimizin ən parlaq rəmzlərindən olan bu məqbərə, bu uca sərhəd dirəyi həmişə ucalsın, daha heç vaxt qara buludlar Qarabağa, Şuşaya, əziz Vətənimizə yaxın düşməsin!”, - deyə akademik Rafael Hüseynov bildirib.