Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-24 dərəcə olacaq.....

Azərbaycanda iyunun 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-24 dərəcə olacaq.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 28-32° isti, Bakıda gecə 20-22°, gündüz 30-32° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 756 millimetr civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°,cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 31-36° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacağı bildirilir.