ABŞ Dövlət Departamenti Vaşinqtonun əfqanlara əlavə humanitar yardım ayıracağını elan edib.....

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken ABŞ administrasiyası tərəfindən Əfqanıstan xalqına səhiyyə və qida sahəsində, həmçinin qadınların və uşaqların müdafiəsi sahəsində zəruri ehtiyacların ödənilməsi üçün 64 milyon dollar həcmində humanitar yardım ayıracağını elan edib.

<ABŞ Dövlət Departamenti Vaşinqtonun əfqanlara əlavə humanitar yardım ayıracağını elan edib.....

AZƏRTAC Dövlət Departamenti rəhbərinin bəyanatına istinadla xəbər verir ki, beləliklə, ABŞ-ın 2002-ci ildən bəri Əfqanıstana və regiondakı əfqan qaçqınlara göstərdiyi humanitar yardımın ümumi həcmi təqribən 4 milyard dollar təşkil edir.

Blinken bildirib ki, ABŞ hökumətindən yardım müstəqil humanitar təşkilatların, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının vasitəçiliyi ilə daxil olacaq, regionda 18,4 milyondan artıq əfqana bilavasitə dəstək göstərilməsindən ötrü istifadə ediləcək. Dövlət katibi deyib: “Bu, yaxın vaxtlardakı münaqişə nəticəsində, güclü quraqlıq və digər təbii fəlakətlərlə, həmçinin davam edən COVID-19 pandemiyası ilə əlaqədar əmələ gələn ehtiyacların qarşılamaqdan ötrü bizim tərəfdaşlarımızın ölkə vətəndaşlarını həyati əhəmiyyətli müdafiə ilə, yaşayış yeri, dolanışıq, əsas tibbi yardım, təcili ərzaq yardımı, sanitar xidmətləri, su təchizatı xidmətləri ilə təmin etməsinə şərait yaradacaq”.

Dövlət katibi qeyd edib ki, qaçqın axını ilə əlaqədar Əfqanıstanla qonşu dövlətlərdə humanitar böhran yaranıb. O, həmin ölkələrin göstərdiyi köməyə görə təşəkkürünü bildirib və onları “öz sərhədlərini əfqanlar üçün açıq saxlamağa” çağırıb.

Blinken deyib: “Biz yenə israr edəcəyik ki, taliblər qadınların hüquq və azadlıqlarına hörmət etsinlər, əfqanların, xüsusən də qadınların son 20 ildə əldə etdikləri nailiyyətlərin qorunub saxlanmasına kömək göstərsinlər”.

 

AZƏRTAC-ın Vaşinqton müxbiri