500 ildən çox yaşı olan Sufi irsi məhv olma təhlükəsi altındadır…..

Azərbaycan tarixən sufiliyin mühüm mərkəzlərindən biri olub.

<500 ildən çox yaşı olan Sufi irsi məhv olma təhlükəsi altındadır…..

Azərbaycan tarixən sufiliyin mühüm mərkəzlərindən biri olub. XIII–XV əsrlərdə, xüsusilə də Seyyid Yəhya Bakuvi, Şeyx Yusif Müsküri, Şeyx Səfiəddin Ərdəbili kimi böyük sufi alimlərin fəaliyyəti ilə bu torpaq sufi düşüncəsinin, mənəvi tərbiyənin və hikmət məktəblərinin mərkəzinə çevrilmişdi. Onların fəaliyyət göstərdiyi bəzi ziyarətgahlar, təkkələr, məscidlər və türbələr bu gün də xalqımızın mənəvi inkişafına xidmət edir.

Günümüzə gəlib çıxan sufi aidələrindən biri də, Xaçmaz rayonunun Şıxlar kəndində yerləşən Seyx Yusif Müskürinin müridləri tərəfindən 15-ci əsrdə inşa edilən Məsciddir. Abidə memarlıq xüsusiyyətlərinə görə böyük əhəmiyyət daşıyır. Üçtağlı fasada və dekorativ hörgüyə malik kərpic məscid, regionun xalq memarlığının nadir nümunəsidir. Sovet dövründə Məscid taxıl anbarı kimi istifadə olunub.

1960-cı illərdən isə dini təyinatlı bina boş qalıb və vaxt keçdikçə təbii təsirlər nəticəsində baxımsız vəziyyətə düşüb.

2021-ci ildə güclü külək nəticəsində 70-ci illərdə kənd sakini tərəfindən quraşdırılmış dəmir dam örtüyü tamamilə sıradan çıxaraq, yağış sularının binanın içərisinə daxil olmasına yol açıb. Nəticədə divarlarında yaranan çatlar 500 ildən çox yaşı olan abidəni qəzalı vəziyyətə gətirib çıxardıb. Abidənin xilas olunması istiqamətində tez bir zamanda tədbir görülməsə, tariximizin növbəti şahidini itirmiş olacağıq. Abidə 4303 istinad nömrəsi ilə Dövlət qeydiyyatındadır və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən mühafizə olunur.

Qeyd etmək lazımdır ki, Şeyx Yusif Müskürinin türbəsi də həmin kənd ərazisində yerləşir. Və sözügedən məscidin bərpası, Xaçmaz rayonunun turizm patensiyalına da müsbət təsir göstərə bilər.

©️Sabit Coculu