Zəngilanın çinarları.....

Yaraşığı, gözəlliyi və məğrur duruşu ilə Zəngilanın rəmzinə çevrilən çinar ağacları...

<Zəngilanın çinarları.....

AZƏRTAC xəbər verir ki, nadir bioekoloji əlamətlərinə görə onu Şərq florasının mirvarisi, möhtəşəm gövdəsi, əzəməti və yaraşıqlı çətirinə görə isə cənubun nəhəng ağacı adlandırırlar.

Çinar ağacları möhkəm gövdəyə, yüngül oduncağa malikdir. Elə bu keyfiyyətinə görə ondan faner, parket, mebel istehsalında geniş istifadə edirlər. Yəqin torpaqlarımızın işğal altında qaldığı 28 ildə erməni faşistləri həm də bu keyfiyyətlərinə görə hektarlarla sahədə onun axırına çıxıblar. Ömründə bir ting basdırmayan, bir fidan əkməyən, bir ağac dibi belləməyənlər əlinə balta, mişar götürüb Bəsitçayın sahilində zamana meydan oxuyan çinar ağaclarının qatilinə çevriliblər.

Məşhur Çinar meşəsində əsrlərin dizini qatlayan elə iri gövdəli ağaclar idi ki, iki-üç adam rahatlıqla onun arxasında gizlənə bilər, bir neçə nəfər əl-ələ versə də, onun gövdəsini qucaqlaya bilməzdi...

Təkcə insanlığa deyil, təbiətə də qənim kəsilən ermənilər burda da öz xislətlərini göstəriblər. Kəsiblər, doğrayıblar, od vurub yandırblar.

Zəngilanda 5459 hektar meşə sahəsinin varlığına “ölüm hökmü” veriblər, şəhərin girişində terras üsulu ilə salınmış 33 hektar meşə sahəsinin külünü göyə sovurublar.

Nə yaxşı ki, az da olsa qalanlar da var!

Çox yaxşı və çox şükür ki, Mincivandan Zəngilana doğru uzanan yolboyu çinarlar qalıb. Məğrur görkəmi, əzəmətli boy-buxunu ilə!

Rayon mərkəzinə gedən 12 kilometrlik yola “yaşıl tunel” çəkən çinarlar bircə metr məsafədə də yolçunu tənha qoymur. Xüsusilə yayda günün qorabişirən istisində günəş şüaları yaşıl yarpaqların arasından süzülməyə yer tapmır, yolboyu sıralanan çinar ağacları gəlib-gedənlərə sərinlik nəğməsi oxuyur.

Yurd həsrətimizin, Vətən sevgimizin, qəhrəmanlıq salnaməmizin şahidi olan Zəngilan çinarları! Bu torpağı yağı düşmən əsarətindən azad edən qəhrəman əsgərlərimiz həm də sizin dəyanət və dözümünüzdən güc aldılar. Etibar və sədaqətiniz isə hamımıza örnəkdir!