Yığmamızın baş məşqçisi Joze Alesio Da Silva: Qətiyyən dincəlmək, arxayınlaşmaq olmaz.....

Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxacaq futzal üzrə Azərbaycan millisi məşqlərini gündə bir dəfə olmaqla görüşün keçiriləcəyi Bakı İdman Sarayında davam etdirir. Zədəli futzalçılar – Tyaqo və Hadi Ahmadi də komandaya qoşulublar.

<Yığmamızın baş məşqçisi Joze Alesio Da Silva: Qətiyyən dincəlmək, arxayınlaşmaq olmaz.....

AZƏRTAC xəbər verir ki, millimizin baş məşqçisi Joze Alesio Da Silva məşqdən sonra Slovakiya ilə görüş, eləcə də komandadakı son durumu açıqlayıb: “Hazırlığa başlayan zaman da bilirdik ki, Slovakiya ilə oyun çətin keçəcək. Onlar qələbə qazanmaqla ikinci pillədəki mövqelərini möhkəmlətmək, həm də Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmək istəyirdilər. Həmin matça ciddi hazırlaşdıq. Təəssüf ki, tam heyətlə səfərə çıxa bilmədik. İtkilərimizlə bərabər, səfər də əleyhimizə işlədi. Təxminən 13 saat yolda olduq. Çətinliklərə baxmayaraq, yaxşı nəticə qazandıq. Buna görə də oyunçularımı təbrik edirəm. Qazandığımız 1 xal qrup liderliyini təmin etməyimizə kifayət etdi”.

“Yunanıstan millisi ilə oyunöncəsi problemimiz var. Bu da zədəli oyunçularla bağlıdır. Tyaqo Bolinha və Hadi Ahmadinin meydana çıxıb-çıxmayacağını bilmirik. Buna oyun günü qərar verəcəyik. Qalan futzalçılarımız şans veriləcəyi təqdirdə meydana çıxmağa hazırdırlar”, - deyə baş məşqçi əlavə edib.

Braziliyalı mütəxəssis deyib ki, futzalçılarımla söhbətimiz olub. Onlara oyuna ciddi yanaşmaqlarını tapşırdım. Qətiyyən dincəlmək, arxayınlaşmaq olmaz. Bu görüşdəki nəticə bizə reytinq əmsallarını artırmaq baxımından vacibdir. Çətin olacaq, amma ümid edirəm ki, meydanı istədiyimiz nəticə ilə tərk edəcəyik.

Qeyd edək ki, Azərbaycan-Yunanıstan matçı aprelin 14-də təşkil olunacaq. Aktivində 13 xal olan millimiz 3-cü qrupun lideridir və gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. İndiyədək millimiz 5 dəfə (2010-cu, 2012-ci, 2014-cü, 2016-cı və 2018-ci illərdə) qitə birinciliyinin həlledici mərhələsində iştirak edib.