Ümummilli Liderimiz Heydər Əliyev -100

Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. 

Ümummilli Liderimiz Heydər Əliyev -100
EĞİTİMCİ FƏRƏC AĞAYEV

Ümummilli Liderimiz Heydər Əliyev -100

 Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevdir. Hazırda Azərbaycan xalqı, bütün dünya Azərbaycanlıları və Türk dünyası müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi  Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qarşılamağa hazırlaşır. 


Ümummilli Lider Heydər Əliyevin bizlərə hədiyyə etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi daim diqqət mərkəzində olacaqdır. Çünki Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yolunda inkişaf etdirmək olmuşdur. Məhz  Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu Öndərin fəaliyyətinin  ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bu günkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt  itirməyən qlobal məsələdir. 


Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində  dünyaya gəlmişdir. İlk təhsilini Naxçıvanda almışdır.1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmişdir.
Daha sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır.


Heydər Əliyev 1941–1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə çalışmışdır.1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.
Heydər Əliyev  Sankt-Peterburq və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il 1944–1969 çalışan Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.


Heydər Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycana  rəhbərlik etmişdir.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə 1969–1982 idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.


1987-ci il oktyabrında  Heydər Əliyev  MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa vermişdir. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün  Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir.
O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.


Heydər Əliyev 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993 cü ilin çətin dövründə Heydər Əliyev Bakıya dəvət olundu.  Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi.
Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxi oldu.


Heydər Əliyev iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı.


Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.
Heydər Əliyevin səyi nəticəsində
1994 cü ilin mayında
Azərbaycan-ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
 Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyinə qarşı  təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Dövlət müstəqilliyi qorunub saxlandı.
Heydər Əliyev Azərbaycanın zəngin neft və qaz resurslarından səmərəli şəkildə istifadə edərək çox güclü siyasi hakimiyyət qura bilmişdi.


1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
 Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı.
Azərbaycan iqtisadi və siyasi cəhətdən daha da inkişaf etdi.
1995-ci ilin noyabrın 12 də referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyası qəbul edildi.


1995 və 2000-ci illərdə  demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Şərqdə ilk dəfə Azərbaycanda ölüm hökmünun ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə  yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.


Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-na, Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir.


Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9–10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.Ulu Öndər bütün ömrünü Azərbaycanın inkişafına və tərəqisinə sərf etmişdir.
Heydər Əliyev 2003 -cü ilin dekabr ayının 12- də vəfat etmişdir və 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ulu Öndəri dərin hörmət və qürurla yad edirik.