Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş vebinar təşkil edilib.....

Aprelin 7-də “Sağlamlığa Xidmət” İctimai Birliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş vebinar keçirilib.

<Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş vebinar təşkil edilib.....

AZƏRTAC xəbər verir ki, Ümumdünya Sağlamlıq Gününün 1950-ci ildən etibarən qeyd edildiyi və günün builki şüarının hər kəs üçün ədalətli və sağlam dünyanın qurulması olduğu bildirilib.

“Sağlamlığa Xidmət” İB-in icraçı direktoru Pərvanə Vəliyeva bildirilib ki, pandemiya ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər və universal əlçatanlığının təmin olunması istiqamətində Azərbaycan tərəfindən irəli sürülən qlobal təşəbbüslər təqdirəlayiqdir.

Tədbirdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə səhiyyə sahəsinə dövlət başçısının hər zaman xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib: “Bəzi dövlətlərin vaksinlərə əlçatanlığı olmasa da, dövlət başçısının güclü siyasi rəhbərliyinin nəticəsində ölkəmizə vaxtında vaksinlər gətirildi. Ölkəmizdə mütəmadi olaraq səhiyyə sahəsində islahatlar tətbiq olunur, hazırda icbari tibbi sığorta ölkə üzrə həyata keçirilməsinə başlanılıb. Səhiyyə sahəsində olan islahatlar insanların daha keyfiyyətli və əlçatan xidmətlərlə təmin edilməsi məqsədi daşıyır”.

Tədbir tibb işçiləri və sosial işçilər tərəfindən COVID-19 pandemiyası dövründə cəmiyyətin sağlamlığı naminə görülmüş işlər barədə təqdimatlar edilib. Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim infeksionisti Nilufər Məmmədova “COVID-19 xəstəliyində tibbi təcrübə” barədə təqdimatla çıxış edərək, COVID-19 virusu, profilaktik tədbirlər, diaqnostika və müalicəsi barədə ətraflı məlumatlar verib, xəstəliyin müalicəsində xüsusi hallar istisna olmaqla, antibiotiklərdən istifadənin düzgün olmadığını qeyd edib.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova “COVID-19-la bağlı risk kommunikasiyanın əhəmiyyəti”, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Könül İsmayılova “COVID -19 pandemiyası zamanı psixi sağlamlığının qorunması”, Sosial Tədqiqatlar Mərkəzinin İctimai rəyin öyrənilməsi departamentinin müdiri Ayşəm Balayeva “Azərbaycanda COVID-19 pandemiyası zamanı həssas qruplara sosial xidmətlərin təşkili” mövzularında təqdimatlarla çıxış ediblər.

Sonda “Sağlamlığa Xidmət” İB-nin layihə rəhbəri Samirə Muxtarovanın “ COVID -19 pandemiya zamanı qeyri-hökumət təşkilatlarının fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.

Vebinarda pandemiyadan qorunmaq üçün infeksion nəzarət tədbirləri, gigiyena qaydaları və maskalardan düzgün istifadə və COVID-19 əleyhinə vaksinasiya barədə də geniş məlumatlar verilib.

Sosial şəbəkə üzərindən yayımlanan vebinarda istifadəçilərin sualları cavablandırılıb.