Ukrayna Ali Radasının deputatı: Xocalı hadisələri bütün bəşəriyyət tarixində silinməz ləkədir.....

Xocalı təkcə Dağlıq Qarabağda kiçik şəhərin adı deyil. Xocalı özündə Azərbaycan xalqının bütün ağrısını, acısını və kədərini daşıyan sözdür. Xocalının adı rəhmsizliyi, antihumanistliyi və açıqcasına qəddarlığı bildirən ümumi anlamdır.

<Ukrayna Ali Radasının deputatı: Xocalı hadisələri bütün bəşəriyyət tarixində silinməz ləkədir.....

Bu barədə AZƏRTAC-a müsahibəsində Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Valeri Kolyux bildirib.

Onun sözlərinə görə, Xocalıda fevral hadisələri bütün bəşəriyyət tarixində silinməz ləkədir. Bu, insanlığa böyük zərbədir.

Valeri Kolyux deyib: “Təəssüf ki, ölənləri həyata qaytarmaq, itirilənlərin əvəzini vermək, yaralı qəlbləri sağaltmaq mümkün deyil. Bu, bütün Azərbaycan xalqının alın açıqlığı ilə daşıdığı görünməmiş ağır dərddir.

Bütün dəhşətlərə və faciələrə baxmayaraq, Xocalı haqqında xatirə bütün azərbaycanlıları birləşdirir. Axı hər kəs öz keçmişini xatırlamasa, o halda heç vaxt özünün işıqlı və çiçəklənən gələcəyinə sahib ola bilməz.

Buna görə mən ümid edirəm ki, Azərbaycan xalqı bundan sonra da gələcəyə inamla addımlayacaq. İlk növbədə, 1992-ci ilin soyuq fevralının aldığı canlar üçün və gələcək nəsillərin müharibənin nə olduğunu bilməmələri üçün”.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev