Təhsil İnstitutu ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsini hədəfləyir.....

Azərbaycan Respublikası Təhsil İnstitutunda Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ilə bağlı hədəflər müəyyənləşdirilib.

<Təhsil İnstitutu ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsini hədəfləyir.....

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutunun direktoru Rüfət Əzizov məlumat verib.

R.Əzizov qeyd edib ki, Milli Prioritetlər güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin keyfiyyət baxımından beynəlxalq səviyyədə rəqabətədavamlığının təmin olunmasını zəruri edir. Təhsil İnstitutu ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsini hədəfləyir. Hesab edirik ki, ali təhsil müəssisələri ilə məzmun, pedaqoji kadrların hazırlanması və tədqiqat işlərinin aparılması istiqamətində əməkdaşlıq edə bilərik.

2021-2022-ci tədris ilindən etibarən 7 universitetdə "SABAH" magistratura proqramları tədris olunmağa başlayacaq. Bu proqramların hamısı yeni kurikulum, tədris planı və müəllim hazırlığını tələb edən yeni peşələrlə əlaqəlidir. Bundan əlavə, "SABAH" magistratura tələbələri üçün əlavə təlimlər, tədqiqatlar, multidisiplinar innovativ layihələr həyata keçirmək və iş dünyası ilə əlaqə qurmaq üçün Təhsil İnstitutu nəzdində Tədris-Təlim Mərkəzi (TTM) yaradılır. Tələbələr mərkəzdə sistem düşüncəsi (systempreneurship), dizayn təfəkkürü, süni intellekt, tədqiqatçı menecer və daha fərqli təlimlərə qatılmaq imkanı əldə edəcəklər. Müxtəlif ixtisas və universitetlərdən cəlb olunan tələbələr birgə yeni məhsul və xidmətlərin dizaynı üzərində işləyəcək, prototiplər hazırlayacaq, sınaqdan keçirəcək, təkmilləşdirəcək və təqdim edəcəklər. Eyni zamanda, "SABAH" magistratura tələbələri digər ölkələrdə olan universitet innovasiya mərkəzləri ilə əlaqə qurmaq, mərkəzlərin “Mentorship” proqramlarında iştirak etmək imkanı qazanacaqlar. Təhsil İnstitutunun tədqiqatçıları tələbələrə diplom işləri üçün empirik tədqiqat aparmaq və həmin tədqiqatları beynəlxalq jurnallarda çap etmək üçün əlavə təlimlər keçəcəklər. Düşünürük ki, bu layihə ali təhsil müəssisələri ilə əlaqələrin qurulmasında vacib rol oynayacaq.

Bundan əlavə, ən vacib istiqamət kimi ölkədə tədqiqat potensialının artırılması üçün ali təhsil müəssisələrinin cəlb olunması qeyd edilməlidir. Nəzərinizə çatdıraq ki, Təhsil İnstitutu Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” adlı layihəni yenicə bitirib. Layihə ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların idarəolunması üçün imkanların yaradılması, tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi və müasir doktorantura təhsil proqramlarının formalaşdırılması kimi komponentlərdən ibarət olmuşdur. Ümumilikdə 167 iştirakçının qatıldığı təlim proqramına “Milli innovasiya iqtisadiyyatı və milli innovasiya sisteminə giriş”, “Maliyyələşdirmə sxeminin idarə edilməsi üzrə işçilərin təlimi”, “Tİİ çərçivəsində potensialın artırılması”, “Beynəlxalq maliyyələşdirmə təlimini dəstəkləmək üçün Tİİ bölməsinin potensialının inkişafı”, “Horizon 2020 təlimləri”, “COST fəaliyyəti ilə bağlı təlim”, “Açıq Elm Seminarları”, “Müasir doktorantura təhsili üçün “təlimçilərin təlimi” kimi mövzular daxil edilmişdir. Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyalar üçün milli koordinasiya modelinin təklif olunması məqsədilə üç dəstək mexanizmi hazırlanmışdır. Həmçinin ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətlərinin genişləndirilməsi məqsədilə akademik heyət üçün həvəsləndirici mexanizmlər, ali təhsil müəssisələri ilə sənaye və hökumət arasında əməkdaşlıq modeli də daxil olmaqla “Açıq İnnovasiya” konsepsiyası təqdim olunmuşdur. Bundan əlavə, tədqiqatçıların potensialının artırılması məqsədilə müasir doktorantura təhsil proqramı üçün təlimyönümlü yeni proqramı özündə əks etdirən strateji çərçivə, tədqiqat, ixtira və innovasiya bacarıqlarının inkişaf etdirilməsi və tətbiqi məqsədilə təlimçilər üçün təlim proqramı təşkil edilmişdir. 330 nəfərin qeydiyyatdan keçdiyi e-kurslara tədqiqatın metodologiyası, təcrübələr və layihələr, məlumatların toplanması, təhlili və idarə edilməsi, elmi işlərin yazılması və nəşri, əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma, sahibkarlıq təhsili və startaplar aiddir. Qeyd edək ki, e-kurslar yaxın zamanda yenidən istifadəyə veriləcək və ümumiyyətlə, layihədən irəli gələn davamlı müsbət irəliləyişlər istiqamətində işlər aparılacaqdır.

Milli Prioritetlərə əsasən ali təhsil müəssisələrinin beynəlxalq rəqabətliliyini təmin edə biləcək əsas meyarlardan biri də tədqiqat mühitinin yaradılmasıdır. Konseptual deyil, tətbiqi tədqiqatların aparılması və data əsaslı tədqiqatlara keçidin təmin olunmasında mühüm işlər görülməlidir. Tədqiqat işlərinin aparılması həm də ali təhsil müəssisələri üçün ən böyük problem olan elmi-pedaqoji kadrların hazırlanması məsələsinin həllində də dəstək ola bilər. Tədqiqatların maliyyələşdirilməsi strukturunun dəyişməsi və özəl sektoru maraqlandırmaq mexanizmlərinin də işlənib hazırlanması vacib məqamlardandır.

Təhsil İnstitutunun tədqiqat potensialını gücləndirmək üçün xarici təcrübənin öyrənilməsini, institutun doktorantura təhsilinin yenilənməsini vacib hesab edirik. Bu işdə xarici universitetlərdə tədqiqat işləri ilə məşğul olan həmvətənlərimizin dəstəyindən faydalanmağı və müxtəlif universitetlərin təcrübəsini öyrənməyi planlaşdırırıq. Qlobal dünyada tədqiqat ilə innovasiyaya birgə baxılır. Tədqiqat ekosistemi və güclü akademik mühiti olmayan ölkələrin innovativ həllərdə müvəffəqiyyət əldə etməsi çox çətindir. Bu səbəbdən, özəl sektorda innovativ məzmunları olan şirkətlərlə də əməkdaşlıq edəcək, mövcud uzunmüddətli və qısamüddətli kursları təhsil sisteminə daşımağa çalışacağıq.