Təhsil İnstitutu 90 illik yubileyi ilə əlaqədar vebinarlara başlayır.....

Azərbaycan Respublikasının Təhsil İnstitutu 90 illik yubileyi ilə əlaqədar “Təhsil İnstitutu - 90” adlı vebinarlara start verir.

<Təhsil İnstitutu 90 illik yubileyi ilə əlaqədar vebinarlara başlayır.....

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Təhsil İnstitutu və Azərbaycan pedaqoji fikrinin inkişafı” mövzusunda ilk tədbir aprelin 29-da keçiriləcək. Vebinarda spiker qismində Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Ənvər Abbasov çıxış edəcək.

Qeyd edək ki, Ə.Abbasov beynəlxalq təhsil təcrübəsini öyrənmək məqsədilə bir çox ölkələrdə təlimlərdə olub. O, Azərbaycanın müstəqilliyi dövründə həyata keçirilən təhsil islahatlarında, o cümlədən standart və kurikulumların hazırlanmasında iştirak edib.

Azərbaycan dilinin tədrisi metodikası, eləcə də təhsilin məzmunu (didaktika) üzrə tədqiqatlar aparan spiker 200-dən çox elmi-metodik və pedaqoji əsərin, həmçinin 40-a yaxın proqram, dərslik, kitab və kitabçanın müəllifidir.

Tədbirdə ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və dissertantlar, magistrlər, məktəb rəhbərləri və digər pedaqoji sahələrdə çalışanlar iştirak edə bilərlər.