“Tarix yazan igidlərimiz” layihəsi çərçivəsində növbəti videoçarx şəhid Emin Ağazadəyə həsr olunub.....

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası “Tarix yazan igidlərimiz” layihəsi əsasında Vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən igid oğulları tanıtmağa davam edir.

<“Tarix yazan igidlərimiz” layihəsi çərçivəsində növbəti videoçarx şəhid Emin Ağazadəyə həsr olunub.....

İdarədən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hazırlanan növbəti videoçarx Vətən müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalan Ağazadə Emin Valik oğluna həsr olunub.

Videoçarxda şəhid Emin Ağazadənin həyat yolu haqqında informasiya təqdim edilib və müxtəlif dövrlərinə aid fotoları, bununla yanaşı qızı ilə olan kiçik videolent də nümayiş olunub.

Qeyd edilib ki, 22 mart 1991-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olan Emin orta təhsilini başa vurduqdan sonra 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb. O, 2010-cu il noyabr ayında hərbi xidmətini başa vurub.

Azərbaycanın igid oğlu Emin Ağazadə gülərüz, istiqanlı, ailəsinə bağlı idi. Yoldaşı Leyla xanım bu barədə deyir: “Ailə üzvlərinin gözünə baxan kimi istəklərini tez anlayırdı. Böyük qızımız Mələyə qarşı isə hədsiz sevgisi vardı. Mələk də onsuz qala bilmirdi. Eminin xarakterində kimisə incitmək və ya onunla küsülü qalmaq yox idi. O, hər zaman hamını razı salmağı çalışardı. Ötən ilin sentyabr ayının axırı hərbi səfərbərliyi eşidən gündən hərbi komissarlığın qarşısına getdi və hər gün öz adının siyahıdan çıxmasını gözləyirdi. Nəhayət, oktyabrın 5-də qeydiyyat üçün hərbi komissarlığa çağırıldı. Emin o an çox sevincli idi, çünki gözlədiyi vaxt gəlib çatmışdı. O, hamı ilə vidalaşdı. Getdiyi zaman dedi: Görərsiniz, gedirəm, ancaq bayrağa bürünüb gələcəyəm. Şuşanı alıb qayıdacağam. İki həftəlik təlimindən sonra Emin könüllü olaraq özü ön cəbhəyə getmək istəyib. O, Füzuli, Cəbrayıl, Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Emin hər gün bizlə əlaqə saxlayırdı, vəziyyətimizlə maraqlanırdı. Son dəfə oktyabrın 23-də gecə zəng etdi və Mələyin səsini eşitmək istədi. O gün səsi çox qəribə idi. Telefon zəngində vidalaşdığı zaman mənə dedi: Leyla, Laçına gedirik... Allaha əmanət olun! Mənə heç nə olan deyil... Qayıdacağam... Uşaqlara yaxşı bax! Sonra 2 gün ərzində Emindən xəbər ala bilmədik”.

Azərbaycanın tarix yazan igid oğlu Emin şəhid olduqdan 4 ay sonra ikinci qızı Emiliya dünyaya gəldi. O, hətta təlimlərdə olduğu zaman bunu demişdi: “Dünyaya gələcək qızıma öz adıma uyğun ad tapmışam... Emiliya!”.

Qəhrəman Emin Ağazadə oktyabrın 25-i gecə Laçın istiqamətində yoldaşları ilə birlikdə ön cəbhəyə gedərkən maşında vurularaq sol ayağından qəlpə yarası alıb və əbədiyyətə qovuşub.

Şəhid Emin Ağazadə oktyabrın 27-də İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edib və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş şəhid əsgər Emin Ağazadə ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Vətən müharibəsinə könüllü olaraq qoşulan və igidcə mübarizə aparan şəhid Emin Ağazadənin əziz xatirəsi üçün hazırlanmış videoçarx kitabxananın “YouTube” kanalında yerləşdirilib.