Tarix Muzeyində tədbir: Nizami Gəncəvi yaradıcılığına ümumi baxış.....

Milli Azərbaycan Tarixi Muzeyində Elmi-kütləvi iş və təhsil şöbəsi və muzeyin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının təşəbbüsü ilə “Nizami Gəncəvi yaradıcılığına ümumi baxış” adlı tədbir keçirilib.

<Tarix Muzeyində tədbir: Nizami Gəncəvi yaradıcılığına ümumi baxış.....

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tədbirdə dövlət himnimiz səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin baş mütəxəssisi, YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfərdən, ordumuzun fədakarlığından və xalqın dəstəyindən bəhs edib, şəhidlərimizin xatirəsinin yaddaşımızda əbədi qalacağını vurğulayıb. Məruzəçi Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamını xatırladıb.

Sonra dahi şairin 880 illiyi ilə əlaqədar videoçarx nümayiş etdirilib.

Elmi-kütləvi iş və təhsil şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov “Nizami yaradıcılığında maarifçilik” adlı məruzədə Milli Azərbaycan Tarixi Muzeyində qorunan ədəbiyyatlara istinadən şairin həyat və yaradıcılığı, əsərlərində diqqət etdiyi başlıca məqamları vurğulayıb.

Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov “Nizami Gəncəvi yaradıcılığında müharibə və sülh məsələləri” adlı məruzədə şairin “Xəmsə”sinə daxil olan əsərlərə istinadən ibrətamiz kəlamlarında yüksək insani dəyərlərə qiymət verdiyini və dünya irsinə layiqli töhfələr bəxş etdiyini bildirib.

Numizmatika və epiqrafika elmi-fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova “Nizami dövrü numizmatikası” adlı məruzədə şairin müasiri olan Azərbaycan Atabəyləri dövründə ölkənin pul təsərrüfatı və ticarət əlaqələrində istifadə edilən, hazırda muzeydə qorunan sikkələrdən bəhs edib, yaxın müddətdə muzeydə keçiriləcək Azərbaycan Atabəyləri sərgisində belə numizmatik faktların nümayiş etdiriləcəyini qeyd edib.

Tədbirin sonunda çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Bədii əlaqələr və komparativistika şöbəsinin elmi işçisi Solmaz Azadova xalqımızın tarixi yaddaşında silinməz iz qoyan, tükənməz araşdırma mənbəyi olan Nizami yaradıcılığının gələcək nəsillərə örnək olduğunu vurğulayıb.