Sevinc Fətəliyeva: AŞPA-ya üzv dövlətlər minaların xəritəsini Azərbaycana verməsi üçün Ermənistana təzyiqlər etməlidirlər.....

Bu, artıq AŞPA-nın ikinci sessiyasıdır ki, Azərbaycan tədbirə qalib və ədaləti bərpa edən ölkə kimi qatılır.

<Sevinc Fətəliyeva: AŞPA-ya üzv dövlətlər minaların xəritəsini Azərbaycana verməsi üçün Ermənistana təzyiqlər etməlidirlər.....

AŞPA sessiyalarındakı müzakirələrə Qarabağdakı proseslərlə bağlı məsələlərinin salınmasının istərdik, amma reallığa uyğun olaraq, real zaman çərçivəsində və real faktlar əsasında. Antiterror əməliyyatları zamanı saxlanılan erməniləri “hərbi əsir” kimi göstərməyə çalışan Ermənistan tərəfinin bu gün bu mövzunu müzakirələrə çıxarması o ölkənin acınacaqlı vəziyyətindən xəbər verir və onun reallığı, həqiqəti görə bilməməsini nümayiş etdirir. Sessiya müddətində Azərbaycan nümayəndə heyəti bir daha diqqətə çatdıracaq ki, artıq münaqişə həll olunub. Azərbaycan torpaqlarını azad edib və bu gün sülh prosesindən, Ermənistan tərəfindən 30 il işğal altında saxlandığı dövrdə tamamilə dağıdılmış Qarabağın bərpasından danışılmalıdır. Antiterror əməliyyatları zamanı saxlanılan erməniləri “hərbi əsir” kimi göstərməyə çalışaraq, bu mövzunu müzakirələrə çıxarmaq cəhdləri gülüncdür.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA-ya üzv dövlətlərə çağırışlar edərək, Ermənistana təzyiq göstərməyin zəruriliyini bildirəcək. Hələ də mülki, günahsız insanlar Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olur. Ermənistan minalanmış ərazilərin xəritəsini hələ də təqdim etməyib. Erməni tərəfinin bu hərəkəti insanlığa qarşı cinayətdir, o, belə cinayətləri davam etdirir. Bu istiqamətdə Ermənistana təzyiqlər edilməli və tədbirlər görülməlidir. Ancaq hansısa saxtalaşdırılmış məlumat üzərində “əsir“ mövzusunun müzakirəyə çıxarılması gülüş doğurur.

“Hər kəs yaxşı bilir ki, saxlanılan Ermənistan vətəndaşları üçtərəfli Bəyanat imzalanandan xeyli sonra - noyabrın 26-da Azərbaycan torpaqlarına yerləşdiriliblər. Bu təxribat qrupu Azərbaycanın azad edilmiş ərazilərində aparılan antiterror əməliyyatları nəticəsində zərərsizləşdirilib. Ermənistan isə onları hərbi əsir kimi təqdim etməyə cəhd göstərir. Burada müharibə əsirlərindən söhbət gedə bilməz, onlar cinayətkardırlar. Bu erməni təxribat qrupu Azərbaycan Ordusu və mülki əhaliyə qarşı terror fəaliyyəti təşkil etmək məqsədilə azad edilmiş ərazilərimizə qanunsuz olaraq yerləşdirilib, hərbçilərimizi və dinc insanları qətlə yetiriblər. Bu məsələ Azərbaycanın qanunları çərçivəsində həllini tapa bilər”, - deyə S. Fətəliyeva vurğulayıb.

Diqqətə çatdırılıb ki, əgər insan haqları AŞPA üçün vacibdirsə, onda 1990-cı illərdə Birinci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən əsir götürülmüş azərbaycanlılar haqqında niyə danışılmır?! Otuz ildir bu insanların taleyi barədə heç bir məlumat yoxdur. Ermənistan Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq etmədi.

Azərbaycan tərəfinin Qarabağdakı erməni vandalizminə dair faktları beynəlxalq ictimaiyyətə çatdırması onların xislətini açıb göstərir. Bu gün 30 il işğal altında olan ərazilərdə Azərbaycanın mədəni və dini irsinin, təhsil ocaqlarının ermənilər tərəfindən viran edilməsindən danışılmalıdır. Qarabağda hər şey məhv edilib, Ermənistanın bu vandalizminə reaksiya və cavab verməyən Avropa Şurası insan haqlarından necə danışa bilər?!

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq