Sağlam insan və cəmiyyət üçün halal gəlirin əhəmiyyəti...

     Müqəddəs dinimiz İslam, hər bir insana dünya və axirət səadətini qazandıracaq prinsiplərlə zəngin bir həyat nizamıdır. İslamda işləmək və halal qazanmaq, eynilə elm kimi fərz qəbul edilmiş, bir insanın heç kəsə möhtac olmadan həyatını davam etdirə bilməsi, ailəsinin dolanışığını təmin etmək məqsədilə qanuni, halal  yolla işləyərək qazanması ibadət prizmasından müqəddəs və dəyərli bir davranış olaraq qəbul edil­mişdir. İşləmək, çalışmaq, halal qazanaraq dolanmaq ən fundamental vəzifələrimizdən biridir. İnsanın hüzur və rahatlığı, xoşbəxtliyi, qazancının bərəkəti, övladlarının yaxşı yetişməsi və valideynlərinə və cəmiyyətə xeyirli övladlardan olması, hətta ibadət və dualarının qəbul olması qazancının halal olmasına bağlıdır. Allah cc Qurani Kərimdə buyurur:

Sağlam insan və cəmiyyət üçün halal gəlirin əhəmiyyəti...
Dos.Dr. Aqil Eyvazov

Sağlam insan və cəmiyyət üçün halal gəlirin əhəmiyyəti...

Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir (Bəqərə, 168).

Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin! (Bəqərə, 188).

Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır! (Mülk, 15).

Uca Rəbbimiz insana faydalı olan şeyləri halal, zərərli olan şeyləri də haram buyurmuşdur. Bir şeyin halal olması üçün eyni zamanda qazanc yollarının da qanuni olması lazımdır. İslam, oğurluq, rüşvət və qəsb kimi hər cür haqsız qazanc yollarını qadağan etmiş və böyük günah olaraq qəbul etmişdir.

Beləliklə, Allah cc fərd və cəmiyyətlərin nizam və hüzur içində yaşaya bilmələrini təmin etmək məqsədiylə halal və haram mövzusunda bir sıra açıq hökmlər qoymuş; bunları müxtəlif dövrlərdə göndərdiyi peyğəmbərlər vasitəsilə insanlara çatdırmış, bu hökmlərin xüsusiyyətləri və əhatə dairəlıəri İslamla son şəklini almışdır.

Diqqət yetirsək görərik ki, İslamda ibadət həyatında iqtisadi ünsürlər əhəmiyyətli yer tuturlar. Bildiyimiz kimi, dinimizin beş şərtindən ikisi maddi imkanla bağlı ibadətlərdir: həcc və zəkat. Sədəqə vermək də, hər möminin riayət etməli olduğu ibadətlərdən biridir. Yəni bu fərzləri və ibadətləri yerinə yetirə bilmək üçün müsəlman iqtisadi imkana malik olmalıdır. İslama görə, “verən əl, alan əldən üstündür”. Peyğmbərimiz (sav) buyurmuşdur: “Güclü mömin zəif mömindən xeyirli və Allah qatında daha sevimlidir”.  Buradan belə anlaşılır ki, maddiyyat, iqtisadi güc halal yolla əldə edilirsə və xərclənirsə o, eyni zamanda bizim üçün bir ibadət vasitəsidir.

İslamda fərd və cəmiyyət həyatının istiqamətləri müəyyən edilərkən, nə çox sərt və qadağan edici, nə də hər şeyi tamamilə sərbəst edəcək şəkildə bir yanaşma ortaya qoyulmamış, əksinə orta bir yol izlənilmişdir. Ona görə də, insanın Allaha layiqli bir bəndə və cəmiyyətə də faydalı ola bilməsi əvvəlcə halal və haramları yaxşı tanıyıb, bu ölçüləri aşmamasına bağlıdır.

Lüğətdə mübah, caiz və sərbəst olmaq kimi mənalara gələn halal sözü, “edilməsi dinlə sərbəst olan şeyləri”ifadə edir. Buna görə də, "yeyilməsi, içilməsi dinlə qadağan edilməyən şeylərə və dinin edilməsini sərbəst buraxdığı hərəkətlərə" halal deyilir. Allahın yaratdığı nemətlərin demək olar ki, hamısı təmiz və halaldır. Belə ki, bu nemətlərin haram olduğuna dair bir dəlil yoxdursa o, halal sayılır və onlar israf edilmədikcə və ehtiyac sahibləri onlardan faydalandıqları müddətcə halal olma xüsusiyyətini davam etdirir. Bu vəziyyət, İslamda halal dairəsinin xeyli geniş, haram dairəsinin isə olduqca dar tutulduğunu göstərir.

Haram sözü isə lüğətdə qadağan edilən, qanuni və sərbəst olmayan şey mənasını verir. “Allahın qəti bir ifadəylə qadağan etdiyi şeylərə və hərəkətlərə” haram deyilir. Ərəbcədə çox zəngin bir istifadə sahəsinə sahib olan haram anlayışı dində, təməl və universal əxlaq qaydalarına zidd olan, başqalarına zərər verən və insan olma qürurunu zədələyən bütün davranışları ifadə etmək üçün istifadə edilir. Bir şeyin və ya hərəkətin haram buyurulmasının əsl səbəbi, onun "canı, malı, ağılı, isməti və dini qoruma" şəklində müəyyən edilən təməl məqsədlərə açıqca zərər verməsi; fərdin və cəmiyyətin varlığını qoruya bilməsi üçün zəruri olan əsaslara da zidd olmasıdır.

Xoşbəxt və firavan bir cəmiyyətin meydana gəlməsini hədəf alan İslamın Uca Peyğəmbəri, "Qazancın hansı ən yaxşı və təmiz olanıdır?" şəklində soruşulan bir suala, "Adamın əl əməyi və aldatma olmayan qanuni ticarət ilə əldə edilən qazancdır" cavabını vermişdir. Digər hədislərində isə, "Heç kim əlinin əməyindən daha xeyirli bir şey yeməmişdir" deyə buyurmuşdur. Qarşılıqlı razılıq, yaxşı niyyət və dürüstlüklə fərdlərin bir-birlərindən istifadələrini təmin edən qazanc yollarıdırsa bu, halaldır.

  İslamda əsl və təbii qazanc yolu əməkdir, öz peşəsi, ixtisası sayəsində və başqalarının haqqına girmədən əldə etdiyi gəlirdir. Müsəlman, işləmədən, başqalarının hesabına və qeyri- qanuni, haram yollardan qazanc əldə etməkdən mütləq çəkinməli; qazancının haradan necə gəldiyinə diqqət yetirməlidir. Çünki haram hərəkətlərdən biri işlənildikcə, digərinə qapı açılır və haramlar normal qarşılanmağa başlayır. Beləliklə, cəmiyyətdə sülh və mehribanlığın, firavanlığın təməlini təşkil edən başqalarının mənafeyini nəzərə almaq, yardımlaşmaq kimi gözəl duyğular yox olur.

 Belə zəngin bir dünyada aç, susuz, işsiz, boş gəzmək həm də insanın öz qüsurudur. Ağıl açarıyla bu qapılar açılmalı, elm və fən vasitəsiylə hər nemətdən istifadə edilməlidir. Peyəmbərimiz (sav) buyurur:  "İki günü bərabər (eyni) olan zərərdədir." Yəni müsəlman hər zaman irəli getməli, inkişaf etməlidir. Müsəlmanın Allaha təvəkkül bəhanəsiylə oturması, təmbəlliklə ömür sərmayəsini və vaxtını israf etməsi, ruzisini əldə etməli olduğu işə laqeyd yanaşması düzgün deyildir. Eyni zamanda, işləyərək özünə və ailəsinə yetəcək miqdarda qazanc əldə etməyə gücü çatan insanın dilənməsi, ruzisini başqasından gözləməsi dinimizdə qadağandır.

Qeyd edək ki, İslamda haram qazanc yolları kifayət qədər dəqiq və konkret göstərilmişdir: faizdən əldə edilən gəlirlər; narkotik və spirtli içki ticarəti; qumar və şans oyunları; fahişəlikdən, fahişəlik ticarətindən və fahişəliyə aparan yollardan əldə edilən gəlir; pul qarşılığı qatillik etmək; rüşvət alıb verməklə əldə edilən gəlirlər; yetim malı yemək; çəkidə aldatmaq; murdar heyvan satışı və donuz ticarətindən əldə edilən pullar; falçılıq; mirasda başqasının haqqını qəsb etmək; hər cür oğurluq və primitiv qazanılan pullar və s.

Nəzər yetirsək görərik ki, bütün bunlar həm də cəmiyyəti uçuruma və məhvə aparır. Ona görə də, hər kəs halal-haram mövzusunda çox həssas olmalıdır. Həm öz daxili, həm də  ailə və cəmiyyətin rahatlığı üçün buna möhtacıq. Eyni zamanda, axirətdə hər kəsin  qazandığından və xərclədiyindən hesaba çəkiləcəyi də unudulmamalıdır.

 

Aqil Eyvazov

 iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent

AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi,