Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək....

Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 09:00-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, güclü şimal-qərb küləyi əsib. Yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından və Şəmkirçayın aşağı hissəsindən sel keçib.

<Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək....

Xidmətdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Balakəndə 45 (aylıq normanın 36 faizi), Şəkidə 42 (aylıq normanın 41faizi), Qaxda 41 (aylıq normanın 40 faizi), Qubada 32 (aylıq normanın 59 faizi), Göyçayda 28 (aylıq normanın 45 faizi), Oğuzda 28 (aylıq normanın 27 faizi), Şahdağda 24 (aylıq normanın 44 faizi), Daşkəsəndə 20, Qəbələdə 14, Zaqatalada 13 millimetr, Astara, Bərdə, Tərtər, Qrız, Qusar, Mingəçevir, Şəmkir, Ağdam, Naftalan, Şərur, Lerik, Yardımlı, Şahbuz, Lənkəran, Biləsuvar, Yevlax, Xaltan, Zərdab, Altıağac, Ağstafa, Naxçıvan, Ordubad, Sədərək, Göygöl, Gəncə, Tovuz, Sabirabad, Neftçalada 8 millimetrədək olub.

Mayın 31-i saat 13:50 radələrində Qazax rayonunun Quşçu Ayrım, saat 14:00 radələrində Fərəhli kəndlərinə diametri 10-12 millimetr, saat 15:47-15:57 radələrində Şəmkir rayonunun Yuxarı Seyfəli və Çinarlı kəndlərinə diametri 10-12 millimetr, saat 16:54-16:56 radələrində isə Balakən rayonuna xırda dənəli dolu düşüb.

Mayın 31-də qərb küləyi arabir Ağdam, Göyçayda 28 metr/saniyə, İsmayıllıda 24 metr/saniyə, Zaqatala, Naxçıvan, Cəfərxan, Tovuz, Zərdabda 20 metr/saniyə, Daşkəsən, Şəmkir, Salyan, Tərtər, Mingəçevir, Gədəbəydə 18 metr/saniyə, Sabirabadda 17 metr/saniyə, Beyləqanda 16 metr/saniyə, Şərurda 15 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 17 metr/saniyəyədək güclənib.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.