Qan yaddaşımız - mart soyqırımı.....

Əsrlərboyu xalqımıza qarşı məkrli planlar quran, hər fürsətdə öz çirkin niyyətlərini həyata keçirməyə cəhd göstərən bədnam qonşumuz ötən əsrin əvvəllərində havadarlarının dəstəyi ilə Bakıda və digər şəhərlərimizdə qanlı cinayətlər törətdilər. Azərbaycan torpaqlarında və digər ərazilərdə “böyük Ermənistan” qurmaq xülyası ilə yaşayan erməni cəlladları 1905-ci ilin əvvəllərindən başlayaraq xalqımıza qarşı planlı şəkildə soyqırımı həyata keçirdilər. 1905-ci ilin fevral ayında Bakıda başlayan qırğınlar Naxçıvan, Şuşa, Zəngəzur, İrəvan, Tiflis, Eçmiədzin, Cavanşir və Qazax qəzalarında silsilə şəklində davam etdirildi, qanlı hadisələr nəticəsində 10 mindən çox günahsız insan erməni terrorunun qurbanı oldu. Yüzlərlə kənd və qəsəbələrimiz dağıdıldı, yandırıldı.

<Qan yaddaşımız - mart soyqırımı.....

Hadisələrin təşkilində və gedişatında ermənilərə dəstək verən Çar Rusiyası imperiyanın yaxınlaşan süqutunun qarşısını almaq üçün tabeliyində olan xalqları üz-üzə qoymaqla öz ömrünü uzatmaq məqsədi güdürdü. Kölə xislətləri ilə ağalarına sadiqliklərini hər fürsətdə nümayiş etdirən ermənilər bu məsələdə də çarizmə mümkün dəstəyi verdilər. Xüsusilə bədnam, militarist “Daşnaksutyun” partiyası bu hadisələrdə fəal rol oynayırdı.

Bu tarixi faktlar Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin “Qan yaddaşımız - mart soyqırımı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

1917-ci ilin oktyabr çevrilişindən sonra ermənilər çirkin niyyətlərini həyata keçirmək üçün yeni imkanlar əldə etdilər, özlərini bu dəfə də bolşevik ideyalarının ən sadiq və ardıcıl dəstəkçiləri kimi qələmə verdilər. Erməni millətçisi Stepan Şaumyanın Bakı Sovetinin rəhbəri olması ermənilərin əl-qolunun daha da geniş açılmasına və öz çirkin niyyətlərini həyata keçirmək üçün mütəşəkkil formada təşkilatlanmalarına vəsilə oldu. Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunasının əsas məqsədlərindən biri Bakıda etnik təmizləmə siyasətini həyata keçirmək idi və bu məsələdə bolşevik Rusiyasının əsas tərəfdaşı rolunu mənfur ermənilər oynadılar. Həmin dövrdə Bakı Sovetinə tabe olan silahlı birləşmələr faktiki olaraq Erməni Milli Şurasının əmrlərini yerinə yetirirdi.

1905-1907-ci illərdə törətdikləri qanlı cinayətlərə görə heç bir cəza almayan, eləcə də Şaumyanın Bakı Sovetinin rəhbəri olmasından ruhlanan ermənilər 1918-ci ilin mart ayında xalqımıza qarşı miqyasına görə daha böyük və daha amansız soyqırımı törətdilər. Martın əvvəllərindən başlayan qanlı cinayətlər ayın 18-də Şamaxıda xüsusi amansızlıqla davam etdirildi. Birbaşa Leninin tapşırıqlarını yerinə yetirən, onun tərəfindən təlimatlandırılan quldur Stepan Şaumyanın rəhbərliyi ilə onun əvvəlcədən silahlandırdığı ermənilər Şamaxı qəzasında dəhşətli soyqırımı cinayəti aktını həyata keçirdilər. Qanlı cinayət nəticəsində Şamaxı şəhəri tamamilə talan edildi, şəhərdə böyük miqyaslı yanğınlar törədildi. Əhali arasında qorxu və vahimə yaratmaq üçün xüsusi amansızlıqla qətllər törədilir, uşaqlar, qadınlar və qocalar hədəf seçilir, insanlara amansız işgəncələr verilir, onlar diri-diri yandırılır, bədən üzvləri xüsusi qəddarlıqla kəsilib-doğranılırdı. Hadisələr zamanı məqsədli şəkildə dini abidələrə, məscidlərə daha çox ziyan vurulmuş, şəhərin 13 məhəllə məscidi, eləcə də məşhur Cümə məscidi yandırılmışdı. Şamaxı hadisələri zamanı qətlə yetrilənlərin sayı bəzi mənbələrdə 40 minə qədər göstərilir.

Onu da vurğulamaq lazımdır ki, ermənilər Şamaxıda soyqırımı cinayətlərini yalnız azərbaycanlılara deyil, orada yaşayan digər xalqların nümayəndələrinə qarşı da həyata keçiriblər. Hadisələr zamanı Şamaxıda yaşayan yəhudilərin, almanların və digər xalqların nümayəndələrinin də erməni terrorunun qurbanı olması barədə tutarlı faktlar mövcuddur. Qanlı cinayətlər nəticəsində 3 mindən çox dağ yəhudisinin qətlə yetirilməsi barədə dünyanın müxtəlif ölkələrində yayımlanan nüfuzlu nəşrlərdə məlumatlar, faktlar dərc olunub. Bu faktın özü erməni şovinistlərinin yalnız azərbaycanlıların deyil, bütün bəşəriyyətin, insanlığın düşməni olmasını bir daha isbat edir.

Cəzasızlıqdan, eləcə də Bakı Kommunasından aldıqları hərtərəfli dəstəkdən ruhlanan erməni millətçiləri martın 30-31-də və aprelin əvvəllərində Bakı Sovetinə tabe olan silahlı terror dəstələrinin iştirakı ilə qanlı cinayətlərini Bakı, Şamaxı, Quba, Naxçıvan, Kürdəmir, Salyan, Lənkəran, İrəvan, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarında daha böyük miqyasda və amansızlıqla davam etdirdilər. Təkcə Bakı şəhərində bir gün ərzində qətlə yetirilənlərin sayı 12 mindən çox olub. Ümumiyyətlə, mart hadisələri zamanı qətlə yetrilənlərin sayı 50-60 min ətrafındadır.

Qanlı hadisələr zamanı yalnız günahsız dinc insanlar hədəf seçilməyib, eyni zamanda, bir sıra tarixi abidələr, binalar da dağıdılıb. Həmin məşum günlərdə məşhur İsmailiyyə binası top atəşinə tutularaq dağıdılıb, Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb, “Kaspi” mətbəəsinin binası, “Açıq söz” qəzetinin redaksiyası yandırılıb.

Ermənilərin Bakıda və digər ərazilərimizdə törətdikləri vəhşiliklər Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinə qədər davam edib. Bu ordunun Azərbaycana gəlişi xalqımızda böyük ruh yüksəkliyi və mübarizə əzmi yaradıb. Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələri Qafqaz İslam Ordusunun və xalqımızın dəstəyi ilə ermənilərə və onların havadarlarına müqavimət göstərib, Bakını və digər şəhərləri işğalçı-terrorçu birləşmələrdən təmizləyib. Xalq Cümhuriyyəti hökumətinin Gəncədən Bakıya köçürülməsi xalqımızın inamını daha da artırıb. Bakının və digər şəhərlərin erməni-bolşevik işğalından azad edilməsi zamanı Azərbaycan ordusunun əsgər və zabitləri ilə yanaşı Qafqaz İslam Ordusunun min nəfərdən çox əsgər və zabiti də şəhid olub. Qədirbilən xalqımız hər il mart soyqırımının qurbanları ilə yanaşı Qafqaz İslam Ordusunun şəhid əsgər və zabitlərini də eyni doğmalıqla anır, ruhlarına dualar oxuyur.

1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra mart hadisələrini araşdırmaq məqsədilə iyul ayının 15-də Fövqəladə İstintaq Komissiyası yaradıldı. Törədilmiş qanlı cinayətlər Komissiya tərəfindən ətraflı şəkildə araşdırıldı, həmin hadisələr xalqımıza qarşı xüsusi amansızlıqla həyata keçirilən soyqırımı kimi qiymətləndirildi, günahkarların müəyyən edilib cəzalandırlması üçün əməli addımlar atıldı. Eyni zamanda, 1919-cu il və 1920-ci illərdə 31 mart ümummilli matəm günü kimi dövlət səviyyəsində qeyd edildi. Təəssüflər olsun ki, 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin devrilməsi ilə bütün digər məsələlər kimi mart hadisələrinin təhqiqatı da yarımçıq qaldı. Milli hökumətin devrilməsindən ruhlanan ermənilər qanlı cinayətlərini davam etdirdilər. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər minlərlə soydaşımız qətlə yetirildi.

Erməni millətçiləri və onların havadarları xalqımıza qarşı etnik təmizləmə və soyqırımı siyasətini sovet dövründə də hər fürsətdə davam etdirdilər. 30-cu illərdə repressiyalar adı altında minlərlə soydaşımız soyqırımına məruz qaldı. 1948-1953-cü illərdə, Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistan adlanan tarixi ərazilərimizdən 150 mindən çox soydaşımız deportasiya edildi, həmin hadisələr və onun törətdiyi fəsadlar nəticəsində minlərlə azərbaycanlı həyatını itirdi. 1970-ci illərdə də ermənilər məkrli niyyətlərini reallaşdırmaq üçün müəyyən addımlar atmağa cəhd göstərdilər. Xüsusilə, 1977-ci ildə SSRİ Konstitusiyası hazırlanarkən Azərbaycanın müəyyən ərazilərini Ermənistan sərhədlərinə daxil etmək məqsədilə Moskvadakı havadarlarına üz tutdular. Lakin həmin dövrdə Azərbaycana rəhbərlik edən ulu öndərimiz Heydər Əliyevin qətiyyəti sayəsində mənfur ermənilərin çirkin niyyətlərinin qarşısı alındı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il sentyabrın 18-də mart soyqırımı qurbanlarının xatirəsini əbədiləşdimək məqsədilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışındakı nitqində bu barədə deyib: “1969-cu ilə qədər ermənilər dəfələrlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə əlaqədar sovet hökumətinə müraciətlər etmişlər. Hətta rəsmi səviyyədə müraciətlər etmişlər. Ancaq Heydər Əliyevin qətiyyəti və çox ciddi etirazı buna imkan verməmişdir. Ondan sonra Heydər Əliyevin sovet hakimiyyətində fəaliyyəti dövrü başlamışdır. O vaxt da əlbəttə ki, ermənilərin təxribat etmək üçün heç bir imkanları olmamışdır. 1987-ci ilin noyabrında – ulu öndər Heydər Əliyev vəzifədən gedəndən iki həftə sonra bu məsələ qaldırıldı və demək olar ki, o vaxtdan azərbaycanlılara qarşı növbəti soyqırımı prosesi başladı. Təxribatlar törədildi, sovet və dünya mətbuatında bu məsələ ilə bağlı yanlış və təhrif edilmiş rəy yaradıldı”.

Ulu Öndərimizin Moskvada siyasi hakimiyyətdən getməsindən fürsət kimi istifadə edən ermənilər 1988-ci ildə Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarından sonuncu soydaşımızı da deportasiya etdilər, yüz minlərlə azərbaycanlı didərgin həyatı yaşamağa məhkum oldu. Bununla da kifayətlənməyən erməni vandalları və onların havadarları XX əsrin əvvəllərində olduğu kimi əsrin sonlarında da soyqırımı cinayətlərini davam etdirdilər, tarixin yaddaşına 20 Yanvar faciəsi, Xocalı soyqırımı kimi qara səhifələr yazdılar. Daha sonra isə cənnət Qarabağımızı və ətraf rayonları işğal etdilər.

Onu da vurğulamaq lazımdır ki, 70 illik sovet hakimiyyəti illərində mart hadisələrinin üzərindən sükutla keçilib, bu qanlı cinayət hər vəchlə ört-basdır edilib. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra yalnız Ulu Öndərimiz, xalqımızın xilaskarı Heydər Əliyevin qətiyyəti sayəsində 20 Yanvar faciəsi, Xocalı soyqırımı kimi 1918-ci ilin mart hadisələrinə də dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. 1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzaladı. Fərmanda həmin hadisələrə hüquqi-siyasi qiymət verildi, eyni zamanda, həmin sənəddə 31 mart tarixinin “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilməsi təsbit olundu. Həmin tarixdən etibarən bu hadisə hər il soydaşlarımız tərəfindən ölkədə və xaricdə müxtəlif tədbirlər, aksiyalar şəklində qeyd edilir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əməli addımlar atılır. Ulu Öndərimiz mart hadisələri ilə bağlı Azərbaycan xalqına ünvanlandığı tarixi müraciətində deyirdi: “Müstəqillik dövründə qazandığımız mühüm nailiyyətlərdən biri tariximizin uzun illər gizli saxlanılan, saxtalaşdırılan və təhrif edilən dövr və hadisələrinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etməyimizdir. Belə hadisələrdən biri də dövlətimiz tərəfindən artıq öz siyasi və hüquqi qiymətini almış və bu gün ildönümünü qeyd etdiyimiz Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən geniş miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik”. Onu da qeyd etmək lazımdır ki, bu tarixi Fərmandan sonra mart hadisələrinin elmi-tədqiqat işlərinin mövzusu kimi araşdırılması da geniş vüsət alıb ki, bu da tarixi həqiqətlərin arxiv və fakt materialları, o cümlədən müxtəlif ölkələrin etibarlı mənbələrində saxlanılan tarixi sənədlər əsasında araşdırılması və əsl gerçəkliklərin üzə çıxarılması baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Xatırladaq ki, Ulu Öndər 2003-cü il 30 mart tarixli müraciətində deyib: “Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Azərbaycan Prezidenti İlham Əliyev mart hadisələrinin tanıdılması baxımından hər bir soydaşımızın üzərinə böyük məsuliyyət düşdüyünü çıxışlarında vurğulayıb. Dövlətimizin başçısı bütün sahələrdə olduğu kimi bu məsələdə də Ulu Öndərimizin siyasətini ləyaqətlə davam etdirir. 2018-ci il yanvar ayının 18-də ölkə başçısı tərəfindən “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanıb. Sənəddə hadisələrin tarixinə nəzər salan ölkə başçısı qeyd edir: “Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir”. Onu da qeyd etmək lazımdır ki, ölkə başçısının 2018-ci il 18 yanvar tarixli Sərəncamına uyğun olaraq Azərbaycanda və xaricdə 1918-ci il mart soyqırımının yüzüncü ildönümünə həsr olunmuş bir sıra tədbirlər həyata keçirilib, o cümlədən Azərbaycan Respublikasının Milli Məclisinin soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclası keçirilib.

Xüsusilə vurğulamaq lazımdır ki, mart hadisələrinin dünyaya çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirməsi məqsədilə ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən də ardıcıl olaraq mühüm işlər görülür. 2007-ci il aprelin 1-də Qubada qazıntı işləri aparılarkən aşkar edilmiş kütləvi məzarlıqda Mehriban xanımın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə 2011-ci ildən başlayaraq “Soyqırımı Memorial Kompleksi”nin tikintisinə başlanılıb, 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Quba Soyqırımı Memorial Kompleksinin istifadəyə verilməsi mart hadisələrinin dünyaya çatdırılması baxımından olduqca böyük əhəmiyyətə malikdir. Memorial Kompleks soydaşlarımızla yanaşı xarici ölkə vətəndaşlarının, ölkəmizdə səfərdə olan rəsmi qonaqların üz tutduqları bir məkandır.

Bu il qanlı mart hadisələrindən 103 il ötür. İlk dəfədir ki, Azərbaycan dövləti və xalqımız bu hadisələrin ildönümünü ürək ağrısı ilə yanaşı, qalib dövlət və qalib xalq kimi qeyd edir. 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatlarına cavab olaraq Ali Baş Komandanımız, yenilməz sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və parlaq qələbə ilə başa çatan Vətən müharibəsindəki zəfərimiz həm də mart soyqırımını törədənlərin üzərində tarixi qalibiyyətimizdir.

103 ildən sonra ilk dəfədir ki, Müzəffər Ali Baş Komandanımızın, qəhrəman şəhid və qazilərimizin, xalq-iqtidar birliyinin sayəsində bütün şəhidlərimiz kimi mart soyqırımı qurbanlarının da ruhları şaddır. Qüdrətli Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində düşmənə elə bir dərs verdi ki, mənfur düşmən bundan sonra nəinki xalqımıza qarşı hansısa soyqırımı cinayəti törətmək üçün özündə güc tapacaq, əksinə dövlət başçımızın qeyd etdiyi kimi, bir daha bizim tərəfə baxmağa belə cəsarət etməyəcək!