Pedaqoji Universitet tələbələrindən şagirdlərə dəstək.....

Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyi (ADPU TKİB) tərəfindən son bir ildə dünyanı cənginə almış COVİD-19 pandemiyası səbəbindən onlayn dərslərdə nisbətən çətinlik çəkən, əsasən, şəhid, qazi ailələri və aztəminatlı ailələrin övladlarına könüllü dəstək olmaq üçün imkan yaradılıb.

<Pedaqoji Universitet tələbələrindən şagirdlərə dəstək.....

ADPU-dan AZƏRTAC-a bildirilib ki, təşkilatın könüllüləri, tələbələr Aslan Heybətov və Bəylər Əliyevin təşəbbüsü, təşkilatın idarə heyətinin üzvləri İsmayıl Məmmədov və Jalə Əliyevanın koordinatorluğu ilə həyata keçirilən layihə çərçivəsində 2021-ci ilin fevral-mart ayları ərzində könüllü tələbələr içərisindən elektron müraciət və videomüsahibə vasitəsilə seçimlər aparılıb. Layihəyə 32 tələbə könüllü müəllimlər kimi cəlb edilib. İkinci mərhələdə bütün ölkə üzrə elektron müraciət qaydasında aprelin birinci yarısında şagird qəbulu aparılıb. Böyük maraq cəlb edən layihəyə 200-dək müraciət daxil olub ki, onlardan təxminən 120 şagird layihəyə qəbul edilib.

Aprelin 21-dən “Microsoft Teams” platformasında praktik olaraq start götürən dərslər tədris ilinin sonunadək iki ay ərzində xüsusi cədvəl əsasında II-IX siniflər üzrə ümumiləşdirmə, izah və mənimsətmə xarakteri daşıyaraq siniflər üzrə il ərzində keçirilən bütün məzmunu əhatə edir.

Çoxsaylı müraciətlərə əsasən videomüsahibə əsasında layihədə dərs demək hüququ qazanan 32 tələbə-müəllim hazırda onlayn dərsləri 17 fərqli rayon və şəhərdən qoşulmaqla tədris edirlər (Bakı, Sumqayıt, Abşeron, Bərdə, Şəmkir, Şirvan, Biləsuvar, Qobustan, Salyan, Quba, Ordubad, Beyləqan, Naftalan, Ağstafa, Füzuli, Şamaxı, Tovuz).

Dərslərdən yararlanan 120-dək şagird 23 fərqli rayon və şəhərdən dərslərə qatılır (Bakı, Sumqayıt, Ağdam, Qəbələ, Xaçmaz, Tərtər, Quba, Oğuz, Xızı, Sabirabad, Şamaxı, Gəncə, Ağsu, Naftalan, Cəlilabad, Bərdə, Masallı, Qubadlı, Abşeron, Qobustan, Samux, Beylaqan, Yardımlı).

Layihə çərçivəsində II, III və IV siniflərin hər birində 6, V sinifdə 8, VI sinifdə 9, VII sinifdə 11, VIII və IX siniflərin hər birində isə 10 fənn olmaqla ümumilikdə 8 sinif üzrə 66 fəndən şagirdlərin hazırlıq səviyyəsinin artırılmasına dəstək verilir.

İlk həftənin nəticələrinin təhlili layihənin uğurlu başlanğıcı haqqında fikir söyləməyə əsas verir. Bununla belə, universitetin və ADPU TKİB-in nümayəndələrindən ibarət təşkilat komitəsi mütəmadi olaraq prosesə nəzarət edir, müəllimlərlə müntəzəm onlayn görüşlər keçirilir.