Nizami Gəncəvi (1141-1209)

         İlyas Yusif oğlu Nizami Gəncəvi (1141, Gəncə -1209, Gəncə) –Azərbaycan şairi və mütəfəkkiri. Sənətkar ailəsində doğulmuş, Gəncə mədrəsələrində təhsil almış, şəxsi mütailə sayəsində orta əsr elmlərini mükəmməl öyrənmiş, xüsusən Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də incəliklə bilən şairin yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astranomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın olur. Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/70-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.

<Nizami Gəncəvi (1141-1209)

 

Ölüm günü

Nizami Gəncəvinin məqbərəsində 1947-ci ildə aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılmışdır. Həmin daşda onun 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyi yazılıb

 

Yaradıcılığı

Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.

Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.

Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı "Xosrov və Şirin" poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə "Leyli və Məcnun" mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə "Leyli və Məcnun" poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına "Yeddi gözəl" əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı "İsgəndərnamə" (təqr. 1203) poemasını qələmə almışdır.

Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.

Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.

Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

Nizami əsərlərini fars dilində yazmışdır. O, türk dilində yazmamasını "Leyli və Məcnun" əsərində özünə qüsur tutmuş, sonra "Yeddi gözəl"də bu məsələyə bir daha toxunmuşdur:

Dilçə şerimizdə olsa da kəsir,
Mənaca böyükdür ondakı təsir.

 

Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.

Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmışdır.

 

Qədim Gəncədə dünyaya göz açan Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami ömrü boyu bu şəhərdə yaşamışdır. Nizami təhsilini Gəncə mədrəsələrində almışdır. Ərəb və fars dillərini mükəmməl bilirdi.

 

Nizami təvazökar, əməksevər, gözütox, başqaları ilə mülayim rəftar edən insani ləyaqət sahibi hesab edir, hamını belə olmağa səsləyirdi. Onun lirik şeirlərində zülmə, haqsızlığa, ədalətsizliyə dərin nifrət və etiraz var idi.

 

Nizami Gəncəvi lirik şeirlərin, “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir. Nizami Gəncəvidən sonra Şərgin bir çox böyük şairləri  onun təsiri ilə Xəmsələr yazmışdır.

 

Siz yəqin ki, Nizami poemalarından götürülmüş “Nuşirəvan və bayquşların söhbəti”, “Sultan Səncər və qarı”, “Kərpic kəsən kişinin dastanı”, “Ağıllı çoban”, “Şah və xidmətçi”, “Xeyir və Şər”, “İsgəndər və çoban” və digər mənzum hekayələri ilə tanışsınız. Cəsarəti, hünəri, mərdliyi dönə-dönə tərənnüm edən şair “mərd olmaq yaxşıdır dünyada hər an, mərdlik ilə çatar arzuya insan” deyir.

 

Xalqımız Nizaminin xatirəsini məhəbbətlə yad edir. Bakıda və Gəncədə Nizaminin abidəsi ucaldılmışdır.

 

1947-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 750-ci ildönümünə həsr edilmiş Nizami məqbərəsi tikilib. Məqbərə şairin vətəni Gəncə şəhərinin yaxınlığında yerləşir. 1991-ci ildə məqbərə kompleksi yenidən qurulub, məqbərə 20 metr hündürlüyündədir və ətrafında park salınıb.   Məqbərənin yaxınlığında ölməz şairin yaratdığı əsərləri tərənnüm edən tunc abidə ucalır.

 

2012-ci il aprelin 20-də Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyanın paytaxtı Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsi açılıb.