Mikrobiologiya İnstitutu işğaldan azad edilmiş ərazilərdə tədqiqatlara başlayıb.....

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə AMEA-nın Mikrobiologiya, Torpaqşünaslıq və Aqrokimya institutlarının əməkdaşları işğaldan azad edilmiş ərazilərdə olublar.

<Mikrobiologiya İnstitutu işğaldan azad edilmiş ərazilərdə tədqiqatlara başlayıb.....

Bu barədə AZƏRTAC-a Mikrobiologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Anar Hüseynov Füzuli rayonu ərazisindəki su və torpaqların vəziyyətinin mikrobioloji aspektdə qiymətləndirilməsi məqsədilə yerində müşahidələr aparıb və laboratoriya analizləri üçün nümunələr götürüb. Müşahidələr Hadrut qəsəbəsi və Tuğ kəndi ərazisində aparılıb. Nümunə götürülən su mənbələrində oksigenin miqdarı, destruksiya göstəricisi, temperaturu və pH yerindəcə təyin edilib. Köndələnçay, Qozluçay, Quruçay və Ağbulaq çayının töküldüyü su anbarından götürülən su, eləcə də torpaq nümunələrinin geniş tədqiqi Mikrobiologiya İnstitutunun su mikrobiologiyası, mikrobioloji biotexnologiya və torpaq mikrobiologiyası laboratoriyalarında davam etdirilməsi nəzərdə tutulur. Laboratoriya tədqiqatlarına bu gündən başlanıb.

Qeyd edək ki, ezamiyyənin təşkili institutun direktoru vəzifəsini icra edən, AMEA–nın müxbir üzvü Pənah Muradovun təşəbbüsü ilə reallaşdırılıb.