Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür.....

Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür.

<Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür.....

AZƏRTAC xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Günü 2013-cü il dekabrın 20-də BMT Baş Assambleyasının qərarı ilə ictimaiyyətin vəhşi təbiətə dair məlumatlandırma səviyyəsini yüksəltmək məqsədilə təsis edilib.

1973-cü ilin həmin günündə nadir flora və fauna növləri ilə beynəlxalq ticarəti tənzimləyən, CITEC kimi məşhurlaşan Konvensiya qəbul edilib. Vəhşi heyvan və yabanı bitki növləri CITEC-in siyahısına düşən kimi bu növlərin beynəlxalq ticarəti nəzarətə götürülür. Nəzarətin dərəcəsi onların statusundan asılı olur: nəsli və kökü kəsilməkdə olan nadir növlərin ticarətinə nəzarətən tutmuş tam qadağan olunmasına qədər. Hazırda CITEC təxminən 5800 heyvan, 30 min bitki növünə beynəlxalq səviyyədə nəzarət edir.

Ümumdünya Vəhşi Təbiət Günü diqqəti vəhşi fauna və yabanı floranın müxtəlifliyinə və gözəlliyinə cəlb etmək imkanı verir, habelə təbiəti mühafizə tədbirlərinin insana faydası barədə məlumatlılıq səviyyəsini artırmağa kömək edir. Bundan əlavə, həmin gün vəhşi təbiətə münasibətdə uzağa gedən iqtisadi, ekoloji və sosial nəticələr doğuran cinayətlərə qarşı mübarizənin gücləndirilməsinin zəruri olduğunu bizə xatırladır.

Hər il müxtəlif adlar altında qeyd olunan Ümumdünya Vəhşi Təbiət Günü bu il “Meşələr və həyat: dayanıqlı cəmiyyət və planet” başlığı altında keçirilir.

Ölkəmizdə flora və fauna növlərinin mühafizəsi məqsədilə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Hazırda Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçirilir və ziyarətçilər milli parklara giriş haqqından azad edilirlər.