Lanqustların bədən örtüyü fizikləri zirehli jilet üçün elastik material yaratmağa yönəldib.....

Alimlər lanqustların qarın örtüyünün quruluşu əsasında zirehli jiletlərdə istifadə edilə biləcək elastik və möhkəm nanokompozitli əlavə qatqı yaradıblar. Tədqiqatın nəticələri “Matter” elmi jurnalında dərc edilib.

<Lanqustların bədən örtüyü fizikləri zirehli jilet üçün elastik material yaratmağa yönəldib.....

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yeni materialı yaradanlardan biri, Massaçusets Texnologiya İnstitutunun elmi işçisi Devid Veyssetin sözlərinə görə, 13 millimetr qalınlığında yaradılmış bu material 200 metr məsafədən atılmış 5 millimetrlik gülləni saxlaya bilər.

İki il öncə Massaçusets Texnologiya İnstitutunun mühəndisləri yemək zamanı lanqust qarnının güman edilən yumşaq və elastik dərisinin qeyri-adi dərəcədə möhkəm olduğunu görüblər. Mütəxəssislər onun quruluşunu öyrənərək müəyyən ediblər ki, xərçəngkimilərin zirehinin bu hissəsi qeyri-adi dərəcədə mürəkkəbdir. O, spiral formasında sarınmış faner lövhəsi kimi düzülmüş növbələşən nanohissəcik qatlarından ibarətdir. Mahiyyətcə hidrogel təsiri bağışlamasına baxmayaraq, bu cür quruluş qarın nahiyəsinin möhkəmliyini təmin edir. Məlum olub ki, xərçəngkimilərin qarın hissəsindəki zireh dartılanda daha möhkəm olur. Bu, onları digər hidrogellərdən fərqləndirir və zirehli jiletə düşəcək güllənin enerjisini söndürmək üçün qatqı roluna ideal namizəd edir.

Bu ideya Veysseti və onun həmkarlarının diqqətini cəlb edib. Onlar lanqustların qarın zirehinin strukturunu süni şəkildə yaratmağa çalışıblar. Bunun üçün bir-birinə paralel yerləşən böyük miqdarda polimer nanosapların keçdiyi hidrogelin çoxsaylı yastı lövhələrini çap ediblər. Mühəndislər bu lövhələri yapışdırıblar, hər yeni qatı 36° bucaq altında düzərək lanqustun qarın zirehinin quruluşunu təkrarlayıblar.

Tədqiqatçılar laboratoriya silahından atəş açaraq yeni materialın zərbənin kinetik enerjisini nə qədər yaxşı udduğunu ölçüblər. Məlum olub ki, bu, möhkəmlik baxımından kevlar lövhələrdən bir qədər geri qalır.

D.Veysset və onun həmkarlarının fikrincə, belə materialdan nəinki zirehli jilet istehsalında, həmçinin süni əzələlərin, qığırdaqların yaradılmasında, eyni vaxtda yüksək elastikliyə və möhkəmliyə malik materialların tələb olunduğu yerdə istifadə etmək mümkündür.