“Kuwait Times” qəzetində azərbaycanlı məcburi köçkünlərin həyatından bəhs edən məqalə dərc olunub.....

Küveytin gündəlik “Kuwait Times” qəzetində dünyanın aparıcı media qurumlarından olan “France-Press” (AFP) agentliyinə istinadla Ermənistanın hərbi təcavüzü nəticəsində 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ və ətraf rayonlardan məcburi köçkün düşmüş insanların keçdikləri çətin həyat yolundan, onların bu illər ərzində doğma torpaqlarına qayıtmaq həsrətləri ilə yaşamalarından, nəhayət işğal altındakı torpaqların azad edilməsindən sonra öz evlərinə qayıtmaq şansının yaranmasından bəhs edən məqalə dərc olunub.

<“Kuwait Times” qəzetində azərbaycanlı məcburi köçkünlərin həyatından bəhs edən məqalə dərc olunub.....

Ölkəmizin Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycan torpaqlarını işğaldan azad etdiyi və ötən il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşmasından sonra Ermənistanın Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmağa məcbur olduğu vurğulanıb.

Məqalədə ermənilərin, hətta əraziləri təhvil verdikləri zaman vandalizm aktları törətdikləri bildirilib, Kəlbəcərdən gedərkən evləri yandıqları, yolları dağıtdıqları, ağacları kəsərək təbiətə ciddi ziyan vurduqları, ev heyvanlarını öldürdükləri qeyd olunub.

Yazıda bir neçə məcburi köçkünün ərazilər işğaldan azad edildikdən sonra doğma evlərini tapmaq məqsədilə o torpaqlara getdiyi, lakin evlərinin darmadağın edilməsinin şahidi olduğu da diqqətə çatdırılıb.

Müəllif vurğulayıb ki, ötənilki müharibədə Azərbaycan Ordusu parlaq Qələbə qazanaraq ölkənin mədəniyyət beşiyi hesab olunan strateji Şuşa şəhərini azad edib. 1990-cı illərdəki müharibədən əvvəl Şuşa çoxəsrlik məscid və kilsələri, mədəniyyət və memarlıq abidələri ilə zəngin şəhər idi. İndi isə şəhərdə demək olar ki, hər şey dağıdılıb.

Məqalədə, həmçinin qeyd olunur ki, artıq Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə və bərpa-quruculuq işlərinə başlayıb.