Klassik və nadir avtomobillərin nümayiş olunduğu Pekin avtomobil muzeyi - fotosessiya.....

Avtomobillər, avtomobil sənayesi ilə bağlı mövzular həmişə böyük maraq doğurur. Dünyanın müxtəlif şəhərlərində fərqli üslublarda, mövzularda və dizaynda avtomobil muzeyləri fəaliyyət göstərir. 2011-ci ildə Pekində açılan avtomobil muzeyi dünya avtomobil sənayesinin yaranması, inkişafı və gələcəyi ilə bağlı dolğun təsəvvür yaradır. Sahəsi təxminən 60 min kvadratmetr olan muzeydə 80-ə yaxın klassik və nadir avtomobilin orijinalı və ya oxşarı nümayış olunur.

<Klassik və nadir avtomobillərin nümayiş olunduğu Pekin avtomobil muzeyi - fotosessiya.....

Çin Avtomobil İstehsalçıları Assosiasiyası tərəfindən ən innovativ muzey kimi tanınan bu muzeydə alman mühəndis Karl Benzin 1885-ci ildə hazırladığı dünyanın ilk daxili yanma mühərrikli avtomobilinə, “Ford” un “Model T” (1927) və “Model A” (1929), “Bugatti T-38A” (1928), ABŞ-ın sabiq prezidenti Avraam Linkolnun şərəfinə 1932-ci ildə istehsal olunan “Lincoln KB-V12” avtomobilinə, “Rolls Royce”un nadir modelinə, dünyanın ilk yolsuzluq avtomobili hesab olunan “Willys MB” (1943), “Volkswagen Beetle” (1959), “Citroen 2CV” (1960), “Land Rover Defender IIA" (1962), məşhur idman avtomobili “Ferrari Dino 246 GTS” (1974) modelinə rast gəlmək mümkündür.

Muzeydə Çində istehsal olunan ilk avtomobillərdən olan “Dongfeng”, Çinin lüks avtomobili olan “Hongqi”nin (“Qırmızı bayraq”) klassik modeli, keçmiş SSRİ istehsalı olan “ЗИС-110”, “Волга”, “ГАЗ-21” avtomobilləri də sərgilənir.

AZƏRTAC ildə təxminən 600 min nəfərin baş çəkdiyi Pekin avtomobil muzeyindən fotoları təqdim edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin