Kembric Universitetində Həsən Həsənov Novruz bayramının Azərbaycan versiyasını izah edib.....

Britaniya Tədqiqatlar və İnnovasiyalar Mərkəzi və Qlobal problemlərin tədqiqatı Fondunun Kent Universitetində həyata keçirdiyi COMPASS layihəsi, Kembric Universitetinin İnkişaf Araşdırmaları üzrə Mərkəzi, Kembric Mərkəzi Asiya Forumu və Kembric Universitetinin İsa Mərkəzinin dəvəti, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin dəstəyi ilə fövqəladə və səlahiyyətli səfir, tarix elmləri doktoru, professor Həsən Həsənovun “Novruz ənənələri: Azərbaycandan tarixi baxış” mövzusunda onlayn formatda mühazirəsi baş tutub.

<Kembric Universitetində Həsən Həsənov Novruz bayramının Azərbaycan versiyasını izah edib.....

AZƏRTAC xəbər verir ki, tədbirə Kembric Universitetinin İsa Kolleci və Kembric Mərkəzi Asiya Forumunun direktoru, professor Sidhart Saksena moderatorluq edib.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə açıb.

Xatırladaq ki, Həsən Həsənov təcrübəli siyasətçi və diplomat olmaqla yanaşı, həm də “Birinci Respublikaya doğru”, “İkinci Azərbaycan Respublikasının ilkin dövrləri” və “Makedoniyalı İsgəndər və Atropat” kimi akademik işlərin, eləcə də UNESCO-nun himayəsi ilə nəşr edilmiş “Qız Qalası” tədqiqat işinin müəllifidir. Professor Həsənov, həmçinin Novruz bayramı və Zərdüştlük mövzularında nəşrlər seriyasının müəllifidir. Onun tədqiqat işləri Bakı, Tbilisi, Moskva kimi şəhərlərdə, eləcə də Avstriya, Polşa, Almaniya, Bolqarıstan və İtaliyada nəşr olunub.

Bəhsolunan mühazirədə Kembric Universitetinin müəllim, mütəxəssis və tələbə heyəti, eləcə də Universitetin tərəfdaşı olan təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Çıxışının əvvəlində Həsən Həsənov Azərbaycan adının mənşəyi barədə qısa təqdimat verib. Daha sonra o, qədimdə Yeni ilin məhz yazın gəlişi ilə qeyd olunması ənənələri, Novruz bayramının Azərbaycan versiyasındakı səkkiz bayram günü və onların semantikası, Azərbaycan versiyasında Novruz bayramı qarşılanarkən şeir oxuma ritualları, azərbaycanlıların yeni il bayramındakı süfrə ənənəsi və Novruz bayramının Azərbaycan versiyasının qeyd edilməsinin özünəməxsusluğundan geniş şəkildə bəhs edib.

H.Həsənov xüsusilə vurğulayıb ki, Azərbaycan versiyasında yeni ilin məhz yaz gecə və gündüz bərabərliyi (yaz ekinoksu) gününün qeyd olunmasında Şumer, Etrusk, Misir, Roma, İskit və təbii olaraq qədim türk ənənələrinin mənşəyi izlənilir.

Sonda Həsən Həsənov auditoriyanın çoxsaylı suallarını cavablandırıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London