ICESCO Beynəlxalq Abidələr Günündə İslam İrsi aylığı elan edib.....

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) 1982-ci ildən bəri hər il qeyd edilən Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə İslam İrsi aylığı elan edib.

<ICESCO Beynəlxalq Abidələr Günündə İslam İrsi aylığı elan edib.....

Təşkilatın mərkəzi qərargahından AZƏRTAC-a bildiriblər ki, İslam ölkələrində tarixi-mədəniyyət abidələrinin təbliği məqsədilə elan olunmuş İslam İrsi aylığı mayın 18-dək davam edəcək. ICESCO-nun bununla bağlı müraciətində qeyd edilir ki, bir ay ərzində keçiriləcək tədbirlərdə İslam maddi və qeyri-maddi mədəni irsi nümunələrinin tanıdılması, habelə tarixi və arxeoloji, xüsusən silahlı münaqişə zonalarında dağıdılmış qədim abidələrin bərpası məsələləri müzakirə ediləcək.

ICESCO dünya ictimaiyyətini mədəni irs abidələrinə qarşı vandalizmə son qoymaq üçün daha təsirli tədbirlər görməyə, bu sahədə hökumət strukturları ilə regional təşkilatların, habelə vətəndaş cəmiyyətinin əməkdaşlığını gücləndirməyə, müvafiq yol xəritəsi tərtib etməyə çağırıb. Təşkilatın müraciətində vurğulanıb ki, 2019-cu ildən başlayaraq İslam dünyasında mədəni irsin mühafizəsi strategiyasını həyata keçirən ICESCO İslam Dünyası İrsi Mərkəzi yaradılması təşəbbüsü ilə çıxış edib. Bundan başqa, bu sahədə üzv ölkələrə yardım məqsədilə təşkilatın nəzdində uyğun müşahidə missiyası da fəaliyyət göstərir.

Müraciətdə diqqətə çatdırılıb ki, COVID-19 pandemiyası dövründə mədəni irs abidələrinin tanıdılması, muzeylərin təbliği məqsədilə “Distant mədəniyyət” təşəbbüsü də irəli sürülüb.

ICESCO-nun İslam Dünyası İrsi Komitəsinin qərarı ilə İslam İrsi aylığı hər il aprelin 18-də qeyd edilən Beynəlxalq Abidələr Günündən mayın 18-də keçirilən Beynəlxalq Muzeylər Gününədək davam edəcək. 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə