Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var.....

Azərbaycanda martın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşam cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 771 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Martın 4-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 4-də Abşeron yarımadasında mülayim xəzri küləyi və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şərq rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 8-13° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman. Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 7-10° isti, dağlarda gecə 0-2° şaxta, gündüz 1-4° isti olacaq.