Ermənilərin 1918-ci il mart-aprel aylarında Azərbaycanda törətdikləri soyqırımları.....

1918-ci il 31 mart soyqırımına qədər ermənilər azərbaycanlılara qarşı bir çox soyqırımları törədiblər. Belə ki, XIX əsrin sonlarından etibarən Çar Rusiyası tərəfindən Cənubi Qafqaza köçürülən ermənilər ilk olaraq, bir çox cinayətlər həyata keçirən terror təşkilatları yaratdılar. Onlar dövlət yaratmaq və sonralar ərazilərini genişləndirmək üçün terror metodundan istifadə etdilər.

<Ermənilərin 1918-ci il mart-aprel aylarında Azərbaycanda törətdikləri soyqırımları.....

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, politoloq Ramilə Dadaşova söyləyib. O deyib: “Ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı soyqırımları törədiblər. Birinci Dünya müharibəsi (1914-1918) zamanı Çar Rusiyanın Şərq cəbhəsində uğur qazanmaq cəhdi Türkiyədə erməni fitnəkarlığının kütləviləşməsi ilə müşayiət olunub. Çar Rusiyası İstanbula, onun ətrafındakı boğazlara, Şərqi Anadoluya yiyələnmək, Türkiyəni zəiflətmək və Cənubi Qafqazda möhkəmlənmək üçün erməni silahlı dəstələrindən istifadə ediblər. Çar ordusunda 300 min erməni vuruşmaqla yanaşı, Erməni Milli Şurası Çar Rusiyası ilə ermənilərin könüllü dəstələrinin — drujinalarının yaradılması barədə razılaşmışdı. Nəticədə erməni hərbi dəstələri I Dünya müharibəsi illərində Şərqi Anadoluda və Qafqazda dinc müsəlman əhaliyə qarşı görünməmiş cinayətlər törədiblər.

Erməni könüllü dəstələrinin formalaşmasında Daşnaksutyun və Hnçak terror təşkilatları fəal rol oynayıblar. Türkləri qətlə yetirmək məqsədilə daşnaklar 40 min ermənini döyüşə cəlb ediblər. Hərbi dəstələrə öz qəddarlıqları ilə tanınan terrorçular - Andranik Ozanyan, Dro, Hamazasp, Keri, Xeço, Vardan başçılıq edib. Onlar Sarıqamışdan Ərzuruma qədər türklərə qarşı vuruşublar. Eyni zamanda, çar ordusu və ermənilər Türkiyədə məskunlaşan ermənilərin dövlətə qarşı üsyanını təşkil ediblər. Fransa, İngiltərə, ABŞ ordusunda daha 50 min erməni türklərə qarşı vuruşurdu. Ermənilərə Böyük Britaniya, ABŞ və Fransa da müəyyən maliyyə yardımı göstərirdi. Müharibədə iştirak edən ermənilər daxildə üsyan edən ermənilərlə birləşməli və Türkiyə dövlətini devirməli idilər. Növbəti erməni planlarının iflasından sonra daşnak liderləri ordularını Şərqi Anadoludan çıxararaq Azərbaycan torpaqlarının qərbinə yönəltdilər. Türk dövlətinə qarşı xəyanət edən ermənilər məğlubiyyətə uğradıqdan sonra onların Qafqaza növbəti kütləvi köçü başlandı. Bu dövrdə köçənlərin sayı təxminən 300-500 min olub.

1905-1906-cı illər qətliamlarında azərbaycanlıların sayı azalsa da, bölgədə etnik üstünlük azərbaycanlılara məxsus olub. Bakı quberniyasında da azərbaycanlı əhalinin üstünlük təşkil etməsinə baxmayaraq, 1917-ci ilin noyabrından sonra rəhbərlik ermənilərin əlinə keçdi. 1917-ci il martın 7-də 52 üzvdən ibarət Bakı Soveti yaradıldı. Orada bir nəfər də olsun azərbaycanlı təmsil olunmurdu. Cənubi Qafqazın bolşevikləşdirilməsi üçün V.İ.Lenin S.Şaumyanı Qafqazın müvəqqəti fövqəladə komissarı təyin etdi. Rusiyada 1917-ci il Oktyabr çevrilişi və Qafqaz cəbhəsindəki rus əsgərlərinin silahları ataraq öz ölkələrinə getmələri erməni daşnaklarının fəaliyyətinə təkan verdi. Qafqaz cəbhəsindən geri qayıdan əsgərlər vətənə qayıtmaq əvəzinə Azərbaycanın İrəvan, Şərur-Dərələyəz, Dağlıq Qarabağ, Bakı və başqa ərazilərinə gəlirdilər. Digər tərəfdən, Türkiyə ərazisindən qaçan ermənilər də Azərbaycanın qərb torpaqlarında məskunlaşırdılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və zəif silahlanmış olduğunu yaxşı bilən Şaumyan milli qırğına hazırlaşırdı. Ermənilər və azərbaycanlılar arasında düşmənçilik bolşeviklərin xeyrinə idi. 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Dəfndə iştirak edən müsəlman dəstəsi “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirərək Şaumyanın göstərişi ilə silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasnı tələb etdilər. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdən və pulemyotlardan atəşlə cavab verildi. Martın 30-da axşamdan etibarən dinc əhaliyə qarşı soyqırımı törədilməyə başlanıldı. Ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yеrlərdə azərbaycanlılara qarşı soyqırımını qəddarlıqla həyata keçirdilər, uşaq, qadın, qoca fərq qoyulmadan, qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Hücum ərəfəsində bütün ermənilər məqsədyönlü olaraq şəhərin müsəlmanlar yaşayan hissəsindən erməni yaşayan hissəsinə keçdilər. Müsəlmanlar yaşayan hissədə xristian əhalisindən ruslar və gürcülər qalmışdılar. Bakı qırğınında Y.Kоrqanоv və Pеtrоvla birlikdə A.Mikоyanın, Hamazaspın, Avеtisyanın, Lalayanın quldur dəstələri xüsusi fəallıq göstəriblər.

Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının sənədlərinə əsasən, 1918-ci ilin martında Bakıda təxminən on bir min azərbaycanlı qətlə yetirilib. Şahidlərin ifadələrinə görə, ermənilər cinayətlərini ört-basdır etmək üçün meyitləri yanan evlərə, dənizə və quyulara atıblar. İçərişəhərdə yaralıların yerləşdirildiyi xəstəxana Mikoyanın başçılığı altında yandırılıb, təxminən 2000 xəstə yanaraq həlak olub, qaçmaq istəyənlər güllələnib. Mart ayının əvvəlində təxminən üç min erməni silahlısı Bakıdan Şamaxıya gəlib. Şamaxıda azərbaycanlıların qətliamı bir neçə gün davam edib. İstintaq materiallarına əsasən, Şamaxının əlli üç kəndində ermənilər 8027 nəfər, o cümlədən 4190 kişi, 2560 qadın və 1277 uşaq öldürüblər. Kəndlərə dəyən ümumi zərər 339,5 milyon manat dəyərində idi. 1918-ci ilin ilk beş ayında Qubada Hamazaspın dəstəsi tərəfindən ümumilikdə 16 000 nəfər öldürülüb. Lənkəranda iki min nəfər qətlə yetirilib. Zəngəzurun 115 kəndində 10068 nəfər, o cümlədən 3257 kişi, 2276 qadın və 2198 uşaq öldürülüb, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanıb. 1918-ci ilin avqustunda İğdırda və Eçmiədzin qəzasında Dronun (Drastamat Kanayan) əmri ilə 60-dan çox müsəlman kəndi məhv edilib və yandırılıb. İrəvanda 88 kənd məhv edilib, 1920 ev yandırılıb, bir neçə ay ərzində 132 000 azərbaycanlı öldürülüb. Lakin qətl edilənlərin sayı göstərilən bu rəqəmlərdən çox olub. Belə ki, müsəlmanlar terror yolu ilə qaçmağa məcbur edilərkən öldürülənlərin çoxunun kimliyi, sayları məlum olmayıb. Ümumilikdə 1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 351 mini öldürülüb, qalanları doğma yurdlarından terror yolu ilə didərgin salınıb.

1917-1918-ci illərdə erməni daşnakları azərbaycanlılara qarşı kütləvi qırğınlar törədərkən, ən çoх ziyan çəkən bölgələrdən biri də Cənubi Azərbaycan olub. Bir sutka ərzində Urmiyada öldürülənlərin sayı 10 min nəfərə çatıb. 1918-ci ilin birinci yarısında Urmiya, Хoy, Səlmas və azərbaycanlıların yaşadığı digər yerlərdə dəhşətli soyqırımları törədilib. 1918-ci ildə erməni terroru nəinki Azərbaycanda, Cənubi Qafqazda, həmçinin Fərqanə vadisində, bütün Mərkəzi Asiyada da tüğyan edib.

Uzun illər 1918-ci ilin mart hadisələri obyektiv araşdırılmayıb, baş vermiş soyqırımına hüquqi qiymət verilməyib. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə hüquqi-siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Bu tarixdən etibarən aparılan araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər üzə çıxarılıb, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, soyqırımı qurbanlarının sayının qat-qat çox olduğu sübut edilib. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Bu gün də soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün mühüm işlər həyata keçirilir”.