Erməni mifologiyasının iflası.....

Serbiyanın “Danas” nəşrində “Erməni mifologiyasının iflası” sərlövhəli məqalə dərc edilib. Bu məqalə Ermənistanın Serbiya Respublikasındakı səfirliyinin Serbiya KİV-lərində dərc edilən məqalədə toplanmış, həqiqətdən çox uzaq olan uydurmalara cavabdır.

<Erməni mifologiyasının iflası.....

AZƏRTAC xəbər verir ki, Azərbaycan tərəfin cavab məqaləsi yalnız tarixi faktlara əsaslanır. Materialda qeyd edilir ki, Sumqayıt hadisələri barədə ermənilərin bütün tezisləri yalançı Koçaryan-Sarkisyan təbliğatının davamıdır. 1988-ci il fevralın axırlarında Sumqayıtda baş vermiş hadisələr Azərbaycana qarşı əvvəlcədən planlaşdırılmış qərəzli provokasiya idi. Həmin hadisələrin təşkilatçıları miatsum ideoloqları, icraçıları isə Eduard Qriqoryan və onun qəbilindən olan cinayətkar elementlər idi.

O vaxt Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələrində göstərilir ki, həmin kampaniyaya milliyyətcə erməni olan Eduard Qriqoryan başçılıq edib. Qriqoryan özü 6 nəfəri öldürüb, erməni millətindən olan 3 qadını zorlayıb. Bu faktlar həmin provokasiyada erməni tərəfin əli olmasını tamamilə sübut edir. Məhkəmənin hökmü ilə 12 il azadlıqdan məhrum edilmiş E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb, sonra isə müəmmalı şəkildə həbsdən azad edilib.

Ermənistan səfirliyinin məqaləsində Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ekstradisiyası məsələsinə də toxunulur. Cavab məqaləsində qeyd edilir ki, öz etnosunun qadın nümayəndələrini qətlə yetirmiş və zorlamış Eduard Qriqoryandan fərqli olaraq, Ramil Səfərovun ekstradisiyası “Məhkumların verilməsi haqqında” Avropa Konvensiyasına müvafiq olaraq həyata keçirilib.

Həmin Konvensiyanın müddəalarına müvafiq olaraq, “Bu sazişin iştirakçısı olan istənilən dövlət öz Konstitusiyasına və ya digər hüquqi aktlara müvafiq olaraq, ona verilmiş şəxsi əfv etmək, barəsində amnistiya tətbiq etmək və onun cəza müddətini azaltmaq hüququna malikdir”.

Digər tərəfdən, Ermənistan Xocalıda törədilmiş soyqırımını guya “Azərbaycan hərbçiləri tərəfindən törədilmiş qətllər” kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxır. Ermənistan səfirliyinin daha bir absurd bəyanatı ondan ibarətdir ki, guya Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov bir dəfə Xocalı soyqırımında azərbaycanlıların əli olduğunu deyib. Halbuki Mütəllibov özü dəfələrlə qeyd edib ki, ermənilərin belə uydurmaları cəfəngiyyatdır.

Avropa İnsan Haqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarında deyilir: “Müstəqil mənbələrdən alınan məlumata görə, 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlıları Xocalı şəhərinə hücum edərkən işğal olunmuş şəhəri tərk etməyə çalışan etnik azərbaycanlılar olan yüzlərlə dinc sakin qətlə yetirilib, yaralanıb və ya girov götürülüb”.

Erməni yazıçı, öz qardaşı, məşhur beynəlxalq terrorçu Monte Melkonyana kitab həsr etmiş Markar Melkonyanın sözlərinə görə, Xocalı şəhəri “strateji hədəf idi”. Markar Melkonyan “Arabo” və “Aramo” adlı iki erməni silahlı dəstəsinin üzvlərinin rolunu xüsusi vurğulayır və onların Xocalının dinc sakinlərini necə güllələdiyini ətraflı təsvir edir.

Məsələn, o yazır ki, bəzi dinc sakinlər təqribən altı mil məsafə qət edib demək olar ki, təhlükəsiz yerə çatdığı məqamda erməni əsgərlər onların başının üstünü alıblar. Müəllifin sözlərinə görə, əsgərlər “uzun müddət kəmərlərinin arxasında gəzdirdikləri bıçaqları çıxarıb həmin dinc sakinləri qətlə yetiriblər”. Sitat bu mənbədən götürülüb: Markar Melkonyan, “Qardaşımın yolu: amerikalının Ermənistana taleyüklü səyahəti” (London və Nyu-York, 2005), səh. 213-214.) (Маркар Мелконян, "Путь моего брата: судьбоносное путешествие американца в Армению" (Лондон и Нью-Йорк, 2005), с. 213-214).

Məqalədə qeyd edilir ki, özünü “demokratik” adlandıran Ermənistan hökuməti Qaregin Njdeyə və Drastamat Kanayana heykəllər ucaldıb. Biz inanmırıq ki, Ermənistanın hakimiyyət orqanlarının bu nasizm simvollarını oradan götürməyə cəsarəti çatacaq. Amma əvəzində sovet dönəmində və müstəqillik illərində Ermənistanın hakimiyyət orqanları orada yerləşən və Azərbaycan xalqının tarixi irsi olan abidələri dağıtmaq üçün özündə “cəsarət” tapıb.