Ekspert: Qaydalara riayət etmək İslam dinindən gələn mənəvi dəyərimizdir.....

Ramazan ayında yoluxma halları stabil saxlanıla bilməzsə bu, yay aylarında ciddi karantin rejimlərinin tətbiq edilməsinə gətirib çıxara bilər. Hazırkı virus variantları artıq gənclərimizə və məhsuldar əhalimizə daha çox təsirini göstərir.

<Ekspert: Qaydalara riayət etmək İslam dinindən gələn mənəvi dəyərimizdir.....

Bunu AZƏRTAC-a Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, ictimai səhiyyə üzrə ekspert Pərvanə Vəliyeva deyib. Ramazanı hər zaman daha böyük təntənə və coşğu ilə qeyd edən qardaş Türkiyədə isə bu ayda kütləvi iftar məclislərinin keçirilməsi ilə yoluxma saylarında yaşana biləcək artımın qarşısını almaq üçün bir sıra ciddi tədbirlər təklif olunur. Onlardan bəziləri ölkəmizdə heç vaxt tətbiq edilməyən çox ciddi tədbirlərdir - rayonlara və digər şəhərlərə giriş-çıxışın məhdudlaşdırılması, kafe və restoranların bağlanması, vaksinasiya edilməsinə baxmayaraq 65 yaşdan yuxarı və daşıyıcı ola biləcəkləri üçün 20 yaşdan aşağı olan insanların evdən çıxması məhdudlaşdırıla bilər. Türkiyədə hazırda COVID-19 səbəbindən həyatını itirən insanların gündəlik sayı 250-300 nəfərdir. Bu da hökumətin tədbirləri daha da sərtləşdirməsinə qərar verməsinə əsas verir.

Ötən il Pakistanda Ramazan ayının əvvəlində gündə 800-dən az olan yoluxma halları Ramazan sona çatdıqdan bir neçə həftə sonra gündə 6000-dək artdı. Bundan sonra ciddi karantin rejimi tətbiq edildi. İranda isə Novruz bayramı üçün iki həftəlik tətildən sonra baş verən yoluxmaların kəskin artması fonunda 10 günlük ciddi karantin edilmişdi. İranda Ramazanla bağlı olaraq yenə də ötən il kimi bəzi məhdudiyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

Ramazanda böyük toplantıların qarşısını almaq üçün Səudiyyə Ərəbistanı məscidlərdə iftar və imsak məclislərinin qurulmasını qadağan etdi.

Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir çox müsəlman dini lider Ramazan ayında koronavirus peyvəndinin alınması ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışaraq, vaksin vurulmasının orucu pozmadığı barədə təbliğat aparırlar.

Pakistanda Ramazan ayında 50 yaşdan yuxarı şəxslərin məscidlərdə ibadət etməsi qadağan edildi və maskadan istifadə qaydalarına riayət edilməsi şərti ilə digər şəxslərin məsciddə ibadətinə icazə verilir. Misir isə ehtiyat tədbirləri ilə daha qısa müddətə Təravih namazının qılınmasına icazə verəcək.

Pandemiya dünyada İslam ibadətlərinin məhdudlaşdırılmasına səbəb olsa da, İslam dini bir-birimizi qorumağımızı əmr edir. Biz özümüzü qorumaqla, qaydalara riayət etməklə həm də cəmiyyətin hər bir üzvünü qorumuş oluruq. Bu cür davranış həm də İslam dinindən gələn mənəvi dəyərimizdir.