Dünya birinciliyi: boksçumuz dörddəbir finala yüksəlib.....

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

<Dünya birinciliyi: boksçumuz dörddəbir finala yüksəlib.....

AZƏRTAC xəbər verir ki, boksçularımızdan Əli Zamanov (52 kq) ikinci qarşılaşmasını keçirib. Ermənistanlı Ruben Qarboyanı mübarizədən kənarlaşdıran yeniyetmələr arasında Avropa çempionumuz bu dəfə tailandlı Tanakon Aonyaemlə üz-üzə gəlib. Səkkizdəbir final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28). O, yarımfinal uğrunda yolda rusiyalı Yevgeni Jorovla döyüşəcək. Görüş aprelin 19-na təsadüf edəcək.

Əli Zamanovun uğurunu yığmamızın üzvü Cəlal Qurbanov (60 kq) da davam etdirib. Onaltıdabir final mərhələsi çərçivəsində Ferens Samu (Macarıstan) ilə üz-üzə gələn həmyerlimiz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. C.Qurbanov səkkizdəbir final görüşünü aprelin 18-də yaponiyalı Reyto Tsutsumiyə qarşı keçirəcək.

Qeyd edək ki, mundialın ilk günündə Əzrək Bəbirov (56 kq) onaltıdabir final döyüşünü qələbə ilə bitirib. Dünya birinciliyində 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçu iştirak edir və yarış aprelin 23-dək davam edəcək.