“Dostluğun sehri” müsabiqəsi davam edir.....

“Dostluğun sehri” IV beynəlxalq uşaq rəsm müsabiqəsi davam edir. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tərəfdaşlığı və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

<“Dostluğun sehri” müsabiqəsi davam edir.....


AZƏRTAC-a Təhsil Nazirliyindən bildirilib ki, “İdman – sağlamlıq, dostluq, birlik...” mövzusuna həsr olunan müsabiqənin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəsildə idmana olan marağı artırmaq, idmanın hər birimiz üçün vacib olduğunu cəmiyyətə çatdırmaq, uşaqlarda tolerantlıq, sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaq, dünyanın müxtəlif ölkələrində yaşayan uşaqların idmanla bağlı çəkdikləri rəsm əsərlərində bu mövzu ilə əlaqədar maraqlı fikir və düşüncələrini bilmək, dünya uşaqları arasında qarşılıqlı hörmət və dostluq münasibətlərini yaratmaq və gənc istedadları üzə çıxarmaqdan ibarətdir.
Müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-17) üzrə 4 mərhələdə keçirilir. I mərhələ martın 15-dən aprelin 15-dək keçirilir. Bu zaman müsabiqə ilə bağlı dəvət göndərilir. II mərhələ aprelin 15-dən oktyabrın 30-dək baş tutacaq. III mərhələ oktyabrın 30-dan noyabrın 30-dək keçiriləcək. Bu zaman işlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. IV mərhələdə müsabiqənin yekunu ilə bağlı sərgi keçiriləcək və qaliblər mükafatlandırılacaq. 
Müsabiqədə dünya ölkələrinin məktəbliləri ilə yanaşı, respublikamızın ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri iştirak edə bilərlər. Uşaqlar rəsmlərə yaradıcı yanaşmalı və sərbəst işləməlidir. Rəsmlərin işlənmə texnikası sərbəstdir (rəngkarlıq, qrafika , kollaj və s.). Rəsmlərin formatı 60X40 sm ölçüdə olmalı, çərçivəyə salınmamalıdır. Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər, müsabiqəyə qatılan təhsil müəssisəsindən hər yaş kateqoriyası üzrə bir rəsm işi qəbul ediləcək. Müsabiqəyə idman və ətraf mühit, idman və sülh, idman və texnologiya, idman və mədəniyyət, idman və dostluq, idman və inkluziya mövzularına uyğun rəsm işləri göndərilməlidir.
Müəllif haqqında məlumatlar çap edilərək rəsmin arxa tərəfində yuxarı sol küncünə yapışdırılmalıdır. Müsabiqənin şərtlərinə cavab verməyən, o cümlədən cinsi, irqi və milli ayrı-seçkiliyi, xalqlararası ədavəti və separatizmi təbliğ edən, ümumiyyətlə, ümumbəşəri dəyərlərin əleyhinə olan işlər qəbul edilməyəcək. Müsabiqədə iştirak edən rəsmlər geri qaytarılmır.
Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandığı halda (012) 498 39 23(012) 498 39 17(050) 391 47 06 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.